“Nəsimi ili” olan 2019-cu ilin son həftəsində dahi şair haqqında növbəti səhnə əsərinin premyerası reallaşdı. Dekabrın 26-da Yuğ Dövlət Teatrında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə hazırlanan “Mənəm... mən” adlı tamaşa nümayiş olundu.

Rəsmi şəxslərin, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı  premyera axşamında öncə teatrın baş rejissoru, tamaşanın quruluş müəllifi Mehriban Ələkbərzadə çıxış edərək “Mənəm... mən”in ideyası və rejissor yozumu barədə məlumat verdi. Rejissor Nəsimi irsi, onun sonsuz mənəviyyatı və əngin zəkasına özünəməxsus nəzər olan tamaşada Nəsimini fərqli yozumlarda təfsir etməyə çalışdıqlarını dedi. Vurğulandı ki, mistik-psixoloji dramda hürufi elmi, eşqi, ilahi yazısı, ilahi şeiri və övliyalığı kimi şaxələndirilmələr edilərək tamaşaçıya fərqli rakurslardan təqdim olunur. Yuğ Dövlət Teatrı ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan tamaşanın yaradıcı heyəti hər bir məqamda Nəsimiyə olan sonsuz eşqin təsvirinə can atıb.

Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşovdur.

Rolları  Xalq artisti Məmmədsəfa Qasımov (Şeyx Əzəm Şəmsəddin Bağdadi), Əməkdar artist Qasım Nağı (Hürufi ilahi şeir), aktyorlar Əbdülqəni Əliyev (Hürufi elmi-ilahi), Vüqar Hacıyev (Hürufi eşqi-ilahi), Elgün Həmidov (Hürufi ilahi yazı), Amid Qasımov (Hürufi övliya ullah), Ziya Ağa (Seyid Əli Şamlı) və Elşən Əsgərov (fərraş) ifa edirdilər.

Onlar fərqli zaman və məkan anlayışlarını səhnədə cəm etməklə bizi Nəsimi dövrü, eşqi, kədəri, sevinci, həqiqəti, ölümü və ölümsüzlüyü ilə yenidən tanış etdilər.

Biz  sufi, dərviş, tərki-dünya, elə həm də bütünlükdə və hər zaman diri, yaşar şairi səhnədə real çalarlar, bir növ, içimizdəki qorxuya qarşı çıxmaqla gördük.

Maraqlı oyun, temp, gözəllik və zəngin mənəviyyat təlqin edən teatr bizə içində olduğumuz, əslində, dərk etməkdən imtina etdiyimiz mətləbləri hasil etdi.

Başlayaq İlqar Fəhminin “Mənəm... mən”indən. Əsər ümumilikdə Nəsimi anlayışına – onun əqidə dönməzliyinə, mətinliyinə, mübarizliyinə, aşiqliyinə, iradəsinə, haqqın təcəllasına rəmzi bir akt idi. Məhz insanın bu kontekstdəki duyuma qayıdışı və Nəsimiyə bir də bu dairədən baxması 650 yaşlı dərvişin kosmos əsrinin ultramüasir, texnogen, robotlaşan adamları üzərində qələbəsidir desək, çox olmaz. Niyə? Çünki elə Nəsimi qəzəllərindən, onun elmindən, eşqindən, dilindən, dünyasından, zəkasından  ən primitiv ifadə ilə desək, fəhmlə baş çıxarmağa çalışan Fəhmi bizi qolumuzdan tutaraq bir göz qırpımında o dövrə atdı.

Bu uzun yolda bircə bələdçi isə tamaşanın quruluş müəllifidir və Mehriban Ələkbərzadənin səhnə yozumu Nəsimi irsinin, irsi bir yana qoyaq, bir sufi, dərviş ömrünün ən mükəmməl, ən sadə və elə ən didaktik həlli idi. Ən azı ona görə ki,  müəllif və rejissor mifik Nəsimini yox, real bir obrazı, etirazçı bir insanı bizimlə görüşdürdülər. Bu qısa tanışlıqdan sonra tamaşaçını aramla hürufilik cərəyanından kamil insan olmaq çağırışına qədər az qala 40 qapıdan keçirdilər. Tamaşaçıya qoşularaq hürufiliyin, təriqətin özünün yaranması, fəlsəfi mahiyyəti, sufizmlə əlaqə ölçüsünü, məqsəd və məramını axtardılar.

Tamaşada kütləvi oxucu-tamaşaçı üçün lakonik aydınlatmalar da elədilər. Məsələn, insanı alçaldan, onu despotizmlə idarə edən və ən batin, məhrəm hisslərinə belə hökm oxumaq istəyənlərə etiraz forması olan hürufiliyin məğzini əsaslandırmağa çalışdılar. Bir az da dərin qatlara gedərək onların ədalət, Nəsimi ilə eyni məqamda səslənən haqq, mənəvi-əxlaqi kamilliyə çatmaq və çatdırmaq istədiklərini göstərdilər. Bunu isə sadə sxem, daha doğrusu, adi detal ilə ifadə etdilər. Allahın adı insanın üz cizgilərində yazılıb deyimini məqamdan - məqama təkrarlamaq və hürufilik, sufizm, dərvişlik, ən sonda “Nəsiminin haqqı” deyə tələffüz etdiyimiz bir qolu bizim üçün gün işığına çıxardılar: Ərəb əlifbasındakı 28 hərfin zahiri və batini mənalarının açarı dünyanı, Allahı qəbul etməyin təməl prinsipini göstərir. Bütün dünyada baş verən proses və hisslərin – elmi, dini, fəlsəfi, mənəvi-əxlaqi – hamısı Allahı idrak etmənin təməlidir. Bu məqama yetdikdə insanı Allahla eyniləşdirən, daha doğrusu, kamilləşməklə Allah qatına varıb, onu duymasını bir xilas kimi göstərirlər. Müəllifin dramaturji materialda irəli sürdüyü konsepsiya şəklindəki meyilləri – elmi, eşqi, ilahi yazını, ilahi şeiri, övliyalığı – obrazlarda bir həlqədə cəm edən rejissor səhnədəki 7 aktyorun simasında Allah bilir daha neçə-neçə yeddimizi göyün 7-ci qatına çıxardı.

Tamaşa birmənalı olaraq hürufiliyin təməl prinsipini açmaq cəhdi idi. Tamaşadan istənilən, daha doğrusu, rejissorun göstərmək istədiyi kamil insan qorxusu idi. Yəni qətliamı mütləq edən hakimiyyətin Nəsiminin kamilliyindən qorxaraq onu kafirliklə, həqiqətdən qaçaraq asiliklə, insanlıqdan aşınaraq Allaha bərabərləşmə qəbahəti ilə cəzalandırmaq istəyinə ən azı 600 ildən sonra tutarlı cavab idi: əslində, hamının içində bir Nəsimi var. Rejissor dramaturji materialdan, o materialı fövqəlbəşəri edən qəzəllərdən çıxış edərək içimizdəki Nəsimini oyatdı.

Fikrimizcə, teatrın bədii əsər olaraq böyük şairə töhfə olan tamaşası İlqar Fəhminin dramaturq kimi qələbəsi, Mehriban Ələkbərzadənin rejissor olaraq azadəliyinin təntənəsi idi. İnsanın kamil insan olaraq Allaha dönüşünü qısa düsturla verən müəllifi duyan rejissorun tamaşa həlli üzərində xeyli axtarışlar etdiyi bəllidir. O, müəllifin ağır mətləblərini, dərin məxəzlərini, gizliliyi ehtiva edən fəlsəfi cərəyanın mətn tezislərini vizual görüntüdə, həm də mükəmməl şəkildə tamaşaçıya çatdırmağa çalışıb.

Təbii ki, bu mükəmməl tablonun hasilində Xalq artisti Aygün Səmədzadənin insan ruhuna sığal çəkən musiqisi, onun hiss qatlarına asanlıqla enə bilən melodiyalarının müstəsna yeri oldu. Hər keçid, hər bir obraz yenilənməsində tamaşaçının duyumunu da mətnə qoşan bəstəkar quruluş həllinə rahatlıqla adaptasiya olan bir musiqi hazırlamışdı.

Vüsal Rəhimin (quruluşçu rəssam) məhdud məkana dolğunluq gətirən səhnə tərtibatı, ağ-qara ziddiyyətində fərqli çalarlılıq axtarışı, ən əsası parça və taxta konstruksiyanı bütün real-irreal təsvir kimi, həm də yormadan göstərməsi zövqlü idi.

Tamaşada xoreoqrafik, plastik həll də alqışlanmağa layiqdir. Aktyorlara bədən dilində, həm də sürətli dəyişmələrlə hərəkətlilik verən Ceyhun Dadaşovun səhnə işıqları, aktyora texniki vasitələrlə iş verməsi yenilik olmasa da, maraqlı idi. Ən əsası dinamik aktyor oyunu və səhnəyə hakimiyyətdə bərabərlik baxımından.

Aktyorlardan danışarkən uzunillik səhnə təcrübəsi və bacarığına malik Məmmədsəfa Qasımov, Qasım Nağı və Əbdülqəni Əliyevin yaratdığı obraza hakimliyi, onun dərinliyinə varmaları alqışa layiqdir.

Nisbətən gənc nəsil, səs tembri, səhnə energetikası və tamaşaçı ilə dialoqu baxımından Amid Qasımov, Vüqar Hacıyev, Elgün Həmidov bu səhnə işində də bacarıqlı oyun sərgilədilər. Tamaşada rejissorun əsas aktyor tapıntısı isə Ziya Ağa idi. Aktyorluq ixtisası üzrə 4-cü kurs tələbəsi olan bu gəncin indiyədək bu cür maraqlı, ağır və məsuliyyətli oyunu olmayıb. Bir saat 30 dəqiqəlik tamaşada başdan sona səhnədə olan və təpədən-dırnağa özünü ruh olaraq Nəsimiyə təslim edən Ziya Ağa rejissorun kəşfi idi.  

İl ərzində ərsəyə gələn səhnə işlərinə nəzər olaraq mübaliğəsiz demək olar ki, bu tamaşa dahi şairi mövzu seçən əsərlər sırasında “Mənəm... mən” deməyi haqq edir.

Həmidə NİZAMİQIZI