Professional Kinorejissorlar, Aktyorlar və Prodüserlər gildiyalarının dəstəyi ilə təsis edilən “Qızıl pəri” mükafatının nominasiyaları və namizədləri müəyyənləşib. Mükafatın seçim komissiyası kinorejissor, Xalq artisti Yalçın Əfəndiyevin sədrliyi ilə müsabiqəyə təqdim olunmuş 187 ərizə və audiovizual əsərə baxış keçirərək, ən yaxşı bədii, tammetrajlı, qısametrajlı, sənədli, cizgi və televiziya filmləri, rejissor işi, prodüser, orijinal ssenari, operator işi, orijinal musiqi, qadın və kişi rollarının ifaçıları və digər nominasiyalar üzrə namizədlərin siyahısını tərtib edib.
Mükafatın nominasiyaları və namizədlərin siyahısı www.audiovisual.az və www.azerbaijanfilm.az saytlarında yerləşdirilib.
Qeyd edək ki, qalibləri müəyyənləşdirəcək 30 nəfər peşəkardan ibarət münsiflər heyəti öz fəaliyyətinə noyabrın 10-da başlayacaq. Qaliblərin elan olunması və mükafatların təqdimat mərasimi dünya kinosunun yaranmasının 120 illiyi ilə əlaqədar olaraq dekabrın 28-də keçiriləcək.