2020-ci ilin ilk bazar gecəsi ABŞ-da kino dünyasının “Oskar”dan sonra ikinci nüfuzlu müsabiqəsi sayılan “Qızıl qlobus” mükafatlarının təqdimatı ilə yadda qalıb. Hollivud Xarici Mətbuat Assosiasiyasının təsis etdiyi mükafat bu il 77-ci dəfə Beverli Hillsdə (Los-Anceles, Kaliforniya ştatı) qaliblərə təqdim olunub.

Mükafatın başlıca nominasiyası sayılan “Ən yaxşı dramatik film” adına bu dəfə rejissor Sem Mendesin “1917” filmi layiq görülüb. Sem Mendes həmçinin rejissuraya görə “Qızıl qlobus”la təltif edilib.

Bir neçə nominasiyada “Qızıl qlobus”a iddialı olan Todd Filipsin “Coker” filmi “Dramatik filmdə ən yaxşı aktyor” nominasiyasında (Hoakin Feniks) mükafatlandırılıb. Bu kateqoriyada ən yaxşı qadın roluna görə aktrisa Rene Zellveger (“Cudi” filmi) təltif edilib.

Kventin Tarantinonun “Qızıl qlobus”a beş nominasiya üzrə iddia edən “Bir dəfə Hollivudda” filmi isə “Komediya və ya müzikl” kateqoriyasında ən yaxşı ekran əsəri seçilib. Bundan əlavə, filmdə rol alan Bred Pitt “Ən yaxşı ikinci dərəcəli kişi rolu” nominasiyasında “Qızıl qlobus”a sahib olub.

“Bir dəfə Hollivudda” filmində hadisələr 1969-cu ildə cərəyan edir. Məşhur serialda oynayan aktyor film sektoruna girmək istəyir. Onun yaxın dostu və dublyoru da eyni niyyətdədir. Ekran işində arxa planda qalan hekayə isə Çarlz Menson və dörd dostunun qorxunc şəkildə öldürülməsidir.

Tarantinonun sayca doqquzuncu filmində Leonardo di Kaprio, Bred Pitt, Marqo Robbi, Al Paçino və Kurt Rassel kimi ulduzlar çəkilib. Məşhur rejissor onuncu filmini çəkəndən sonra karyerasını başa vuracağını bildirib.

SƏBİNƏ