Xalqımızın qan yaddaşına hüzn və qürur günü kimi yazılan Qara Yanvarın 30-cu ildönümü qeyd olunur. 1990-cı il yanvarın 20-nə keçən gecə SSRİ ordu hissələrinin Bakıda törətdiyi qətliam xalqımızın müstəqillik mübarizəsinin qarşısını ala bilmədi, əksinə, istiqlal yolunda milli birliyimizi daha da möhkəmləndirdi.

O müdhiş gecədən illər ötdükcə bu mövzuda sənətin müxtəlif sahələrində yeni-yeni əsərlər yaranır, bədii və sənədli filmlər, musiqi və rəsm əsərləri, heykəltəraşlıq və memarlıq nümunələri ərsəyə gəlir. Həmin günlərdə kameranın yaddaşına köçürülənlər isə xüsusilə böyük əhəmiyyət kəsb edir. Çünki 20 Yanvar hadisələri zamanı Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladılmış, kameraların əksəriyyəti isə müsadirə edilmişdi.

Heç kimin ağlına da gəlməzdi ki, “Azərbaycanfilm”in əməkdaşları baş verənləri artıq kameraların yaddaşına köçürüblər. Necə olursa olsun, Bakının ağrılı-acılı günlərini mütləq çəkmək lazım idi. Geri dönüb tarixə nəzər salanda həmin ərəfədə lentə alınanların hansı çətinliklərlə başa gəldiyi bir daha aydın olur.

Əməkdar incəsənət xadimi, rejissor Nizami Abbas 20 Yanvar hadisələri ilə bağlı sənədli ekran əsərlərindən bəhs edərkən deyir: “Bakıda fövqəladə vəziyyət elan edilir. Şəhər komendantının nümayəndələri və KQB əməkdaşları televiziya ilə yanaşı “Azərbaycanfilm”ə gəlir, kameralar olan bazanı möhürləyib gedirlər. Buna baxmayaraq, “Azərbaycanfilm”də yaranan çəkiliş qrupu “Salnaməfilm” studiyasında 20 Yanvar hadisələrindən bəhs edən sənədli materiallar hazırlayır, dünyanın müxtəlif yerlərinə göndərirdi. Qrup müddəti bir saatdan çox olan film hazırlayıb videokasetlərini gizli yolla Moskvaya da göndərə bilmişdi. Orada SSRİ-nin ali dövlət orqanlarının yüksək tədbirlərində həmin sənədli filmin nümayişi nəzərdə tutulsa da, buna ciddi maneələr törədilir. Amma yaradıcı heyət SSRİ Ali Sovetinin fövqəladə toplantısı ərəfəsində rəsmi qonaqların yerləşdiyi mehmanxananın foyelərində filmi nümayiş etdirir. SSRİ-nin hər yerindən gələn deputatlar, dövlət rəsmiləri Bakıda törədilən qırğınlar haqda dürüst məlumat alır və iclaslarda bu barədə çıxış edirdilər”.

Bu gün 20 Yanvarla bağlı nümayiş olunan kadrlar kino işçilərinin fədakar əməyidir. Şəhərdəki vəziyyətlə bağlı “Salnaməfilm” studiyasının tərkibində xüsusi qərargah yaradılır. Operatorlar qruplara bölünüb “Salyan kazarması”nın, Azərbaycan Dövlət Filarmoniyasının qarşısına, Biləcəriyə, indiki 20 Yanvar metro stansiyası istiqamətinə yollanaraq baş verənləri lentə alırlar. Həmin materiallar isə operatorların dost və qohumlarının evində gizlədilir...

Bu gün həmin dövrdə lentə alınan kadrlar əsasında onlarla sənədli film ərsəyə gəlib. “Azadlığa gedən yollar”, “Şəhidlərdən şəhidlərə”, “Qədirin sorağında”, “9 dəqiqə”, “Cənubda Şimal küləyi” və s. 20 Yanvar faciəsinin sənədli ekran yaddaşıdır. 20 Yanvar hadisəsinə qədər isə xalqın müstəqillik ideyalarını reallaşdırmaq arzusu coşub-daşırdı. Həmin dövrdə operatorlar Köçəri Məmmədov, Rəfael Salamzadə, Bağır Rəfiyev, Zaur Məhərrəmov və Nizami Abbas Ramiz Fətəliyevin rəhbərliyi ilə 18 gün ərzində “Meydan” filmini hazırlayırlar...

“Azadlığa gedən yollar” filmində 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qanlı hadisələr və bundan sonrakı olaylar əsas süjet xəttini təşkil edir. 2001-ci ildə çəkilən “Şəhidlik zirvəsi” filmi də Qara Yanvar şəhidlərinə həsr olunub. Ekran əsərində 1828-ci ildən (Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsini başa çatdıran Türkmənçay müqaviləsindən) müasir dövrə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr əksini tapıb. “Cənubda Şimal küləyi” 1990-cı ilin yanvarında Biləsuvar rayonunda baş vermiş olaylardan bəhs edir. Bu filmdə də qeyd etdiyimiz arxiv materiallarından geniş istifadə edilib.

“Qarabağ düyünü”, “Ömür qatarı”, “Vətən mənə oğul desə”, “İnama qayıdış”, “Qəsd”, “Xəzər köməyə çağırır”, “20 Yanvar faciəsi” və onlarca digər sənədli filmlərdə də əsasən el dərdi, günahsız insanların qətlinə etirazlar, birliyə çağırışlar səslənir, xalqın qəhrəmanlıq ruhu, mübarizə əzmi nümayiş etdirilir.

20 Yanvar şəhidlərinin dəfn olunduğu gün çəkilən kadrlar da “Salnaməfilm” studiyasının operatorlarının işidir. Bu hüznlü anları operatorlar Köçəri Məmmədov, Sərdar Vəliyev, Rafiq Quliyev, Nemət Rzayev, Kənan Məmmədov, Zaur Məhərrəmov və Nizami Abbas lentə alıb.

Son illərdə də Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında vətənpərvərlik mövzusunda yeni ekran əsərləri ərsəyə gətirilib. Bu sırada “Xatirələrdə yaşanan ömür”, “Vətən qeyrəti” və başqa filmləri qeyd etmək olar. 20 Yanvarın kino salnaməsini yaradanlardan bəhs edən “Silahdaşlar” sənədli filmini xüsusi qeyd etməliyik. Bu ekran əsəri də “Salnaməfilm” studiyasında lentə alınıb. Filmdə həmin müdhiş gecədə və sonra Azərbaycanın müxtəlif rayonlarında törədilən faciələr haqqında xatirələrə və kadrarxası hadisələrə yer verilib.

Yola saldığımız 2019-cu ildə Qara Yanvar mövzusunda daha bir film ictimaiyyətə təqdim olundu. “Azadlıqla bitən SOS” sənədli filmi SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayət zamanı dənizçilərimizin nümayiş etdirdiyi qəhrəmanlıqdan bəhs edir. Dənizçilər sovet hərbi gəmilərinin Bakı buxtasına yan almasının və sovet əsgərlərinin törətdiyi qətliamı davam etdirməsinin qarşısını almaqda mühüm rol oynayıb. Onlar bütün xəbərdarlıqlara və hədələrə baxmayaraq, bir addım belə geri çəkilməyiblər.

Qanlı Yanvar qurbanlarından bəhs edən daha bir film 1991-ci ildən Samara şəhərində fəaliyyət göstərən “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə lentə alınıb. “Volqa-Film” kinostudiyasında çəkilən “Hüznlü ana” filmi faciənin dəhşətlərini diqqət mərkəzinə çəkir.

Bu gün də “Azərbaycanfilm” kinostudiyası, “Salnaməfilm”, eləcə də “Azərbaycantelefilm” (AzTV) və digər yaradıcılıq studiyalarında Azərbaycan tarixinin səhifələrinə, o cümlədən 20 Yanvar faciəsinə həsr edilən ekran əsərləri istehsal olunur. İllər, onilliklər dəyişsə də, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini əks etdirən ekran əsərləri heç vaxt öz əhəmiyyətini itirməyəcək.

Lalə AZƏRİ