Dünyada əcaib, müəmmalı, bəzən isə qorxulu yerlər çoxdur. Yer kürəsinin qeyri-adi yerlərinin bəziləri təbiətin, bəziləri isə insan əməyinin “bəhrəsi”dir.

 

Pamukkale (Türkiyə)

 

Türkiyənin cənub-qərbində, Dənizli vilayətində UNESCO-nun Dünya irs siyahısına daxil olan Pamukkale yerləşir. Pamukkale bir vaxtlar möhtəşəm olmuş qədim şəhərin – İyerapolisin xarabalıqları ilə əhatə olunub. Təbii bulaqların əmələ gətirdiyi kalsium bikarbonatla zəngin gur şəlalələr ağappaq travertin terraslardan üzüaşağı axır, dünyada analoqu olmayan bəyaz səthli termal su hövzələri əmələ gətirir.

 

Natron gölü (Tanzaniya)

 

Bu göl dünyanın canlılar üçün ən təhlükəli yerlərindəndir. Burada tələf olan heyvanlar susuzlaşma nəticəsində heykələ çevrilir. Göldə natrium bikarbonatın miqdarı o qədər çoxdur ki, bura düşən bütün orqanizmlər mumiyaya çevrilir.

 

Rakotsbrüke körpüsü (Almaniya)

 

Planetin ən qəribə yerləri sırasında Almaniyada, Polşa ilə sərhədin 6 kilometrliyində, Kromlau parkında Rakotsbrüke körpüsü də var. Unikal dəqiq konstruksiyası ilə məşhur olan bu körpü bazaltdan inşa edilib. Müşahidə bucağından asılı olmayaraq, körpünün özü və onun əksi birləşərək ideal dairə əmələ gətirir.

 

Çəhrayı Hillier gölü (Avstraliya)

 

Qərbi Avstraliyada yerləşən bu göl bütün ilboyu tünd-çəhrayı rəngdə olur. Bəzi alimlərin fikrincə, bu, gölün suyunun yüksək duzluluğu və burada “Dunaliella salina”, çəhrayı rəngli qalobakteriyalar kimi duzlu yosun növlərinin olması ilə bağlıdır.

 

“Yeddi nəhəng” (Rusiya)

 

Planetimizin ən qeyri-adi yerlərindən biri də Sibirdədir. Bu yer “Yeddi nəhəng”, yaxud Mansı müqəvvaları adı ilə məşhurdur. 30-42 metr hündürlüyündə nəhəng daş sütunlar Uraldan qərbdə – Manpupunyor dağında yerləşir. Bu müqəvvalar insan tərəfindən yaradılmayıb, uzun əsrlər ərzində buz və qardan formalaşıb.