Bu yaxınlarda virtual da olsa, gürcü teatrlarından birinin müharibə ilə bağlı sənədli teatr üslubunda hazırlanmış tamaşasına baxdım. Zaman və məkan anlayışlarını kağız parçası kimi əzik-əzik edən rejissor sadə bir həqiqətə söykənmişdi: müharibədə qalib olmur. Təsirləndim. Həm tamaşada bütün insanlığın əzabının görünməsindən, həm də kiçik, alaqaranlıq bir səhnənin o boyda emosiyanı verməsindən...

Çağdaş Azərbaycan dramaturgiyasının səhnə təcəssümündə də tarixi dərdlərimiz, o cümlədən 20 Yanvar faciəsi əksini tapıb. Hələ 1991-ci ildə, 20 Yanvarın birinci ildönümündə Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması Gənc Tamaşaçılar Teatrında Xalq artisti Ağakişi Kazımovun quruluşunda səhnələşdirilib. Yazıçı-dramaturq Tamara Vəliyevanın teatrın hazırda repertuarında olan “Mənim ağ göyərçinim” tamaşasının süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub. Gəncə teatrının “Alın yazısı”, Mingəçevir teatrının “Ağla, qərənfil, ağla” tamaşaları da bu mövzudadır. Sevinc Elsevərin “Arzu və Murad”, İftixarın “Qalx ayağa, Azərbaycan!” tamaşalarında bu faciədən doğan ağrı əksini tapıb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası da mövzuya həsr olunan sənət nümunəsidir. Yuğ teatrında hazırlanan “Yad.Daş”ı, Lənkəran teatrının “Yeddi şam”ını da unutmaq olmaz.

Bununla belə, mövzu ilə bağlı araşdırma apardıqda poeziya və nəsr nümunələrinə nisbətdə dram əsərlərinin azlığı, üstəlik, müasir teatrın estetik tələblərinə nə dərəcədə cavab verməsi üzərində düşünüləsi əsas məqamdır. Təbii ki, müəyyən obyektiv səbəblər, daha doğrusu, məsələnin mahiyyətindən kənar nüanslar da yox deyil.

Gəncə Dövlət Dram Teatrının baş rejissoru, bir sıra tamaşaları ilə beynəlxalq festivalların iştirakçısı və qalibi olan İradə Gözəlova 20 Yanvar mövzusunun uğurlu səhnə həlli üçün yaxşı əsərin yoxluğundan gileylənir. Deyir ki, hadisənin bədii estetikası fərdi xarakter daşıyır və hər rejissor bu məsələni fərqli hiss edib səhnələşdirə bilər. Əlavə edir ki, tarixi həqiqətləri müasir insanlara yalnız bədii vasitələrlə çatdırmaq mümkündür. Çünki çağdaş insanlara mütləq bədii vasitələrlə təsir etmək lazımdır.

İradə xanımın gənc həmkarı, Akademik Milli Dram Teatrının maraqlı zövqü ilə seçilən rejissoru Emil Əsgərov isə məsələnin daim aktual saxlanılmasına diqqət çəkir: “Cəmiyyətin bu baş verən olaylara münasibəti bizim mənəvi, əxlaqi dəyərlərimizin güzgüsüdür və təbii ki, incəsənət kontekstində də öz əksini tapmalıdır. Konkret olaraq teatr sənətindən danışırıqsa, bu işlərin ortaya çıxması üçün, dramaturji material sənət insanlarını maraqlandırmalıdır. Fərqli rejissor yanaşması da olmalıdır. Bu gün səhnəmizdə bu kimi əsərlərə yanaşma isə statikdir. Yalnız tarixi faktları səhnəyə gətirməklə tamaşa qurmaq olmaz. Təqdim olunan səhnə əsərləri öz bədii, elmi, konseptual tərəfləri ilə sənət hadisəsinə çevrilməlidir”.

Amma bu cür yanaşma, dram əsərləri sarıdan kasadlıq fikri ilə razılaşmayanlar da var. Yazdığı maraqlı əsərlər ilə son illər populyarlıq qazanan yazıçı-dramaturq İlqar Fəhmi deyir ki, ümumilikdə ədəbiyyata münasibətdə bir ikiləşmə var və bu tarixən də belə olub: “Bir qisim yazarlar hesab edir ki, ədəbiyyatın məqsədi həyatın gerçəkliyini, xalqın ağrı-acılarını, sosial mühitdəki problemləri əks etdirməkdir. Ədəbiyyatı həyatın güzgüsü sayanlardan fərqli düşünənlər isə hesab edir ki, əsl sənət əsəri real həyatın problemindən çıxaraq bədii dəyər yaratmağa xidmət etməlidir. Bu zaman isə, təbii ki, real hadisələr o yaranan dəyər üçün bir vasitə rolunu oynaya bilər. Yəni reallığın məqsəddən vasitəyə keçidi kimi də realizə oluna bilər. Mən ikinci qəbil müəlliflərdənəm. Mənə görə, reallıqda baş verən hadisələr daha çox  bədii dəyər yaratmaq üçün vasitədir. 20 Yanvar mənim gözümün qarşısında baş verən hadisədir. Niyə yazmadığıma gəlincə, mövzunun spesifik bədii həll formasını tapmayınca, yazmaram. Doğrudur, mövzu ilə bağlı eksperiment tipli materiallarım var. Yəqin ki,  müəyyən vaxtdan sonra onları ərsəyə gətirəcəyəm. Məsələn, fakt ilə bağlı qərənfil mövzusu mənim üçün çox əhəmiyyətlidir. Yəni bədii dəyər, fərqli bir forma tapmasam, mən özümü ona vadar edə bilmərəm. Mövzu özü sadə bir formada yazmağı da qəbul etmir”.

Gənc yazar Ülviyyə Heydərovanın öz əsaslandırması var: “Ssenarinin ekrana gəlməsi, pyesin səhnəyə qoyulması müəllifdən asılı olan iş deyil. Son illər Yuğ teatrında “Sükut” hekayəmin motivləri əsasında “Yad.Daş” tamaşası hazırlandı. Əminəm ki, neçə-neçə gənc yazarın müharibə ilə bağlı səhnə əsərləri var və öz səhnə-ekran yolunun açılmasını gözləyir”.

Teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov isə deyir ki, tarixi həqiqətlərlə bağlı tamaşaların yaranması vacibdir. Konkret olaraq 20 Yanvar faciəsi ilə bağlı mövzu Azərbaycan teatrları tərəfindən yetərincə işlənməyib. Müasir dramaturgiya bu mövzulara həvəsli görünmür. Yazılan pyeslərin və tamaşaların sayı da deməyə əsas verir ki, biz 30 illik tarixi gerçəyin səhnə təcəssümünə hələ də səthi yanaşırıq: “Belə mövzularda əsərlər göstərişlə yazıla bilməz. Həm də tarixi həqiqətlər zaman məsafəsindən daha aydın görünür. 30 illik zaman ərzində kifayət qədər zaman məsafəsi yaranıb və bu müddətdə yetəri qədər parlaq, sənət hadisəsinə çevriləcək tamaşalar yarana bilərdi. Vacib deyil ki, dramatik tamaşalar hazırlansın. Alternativ teatr formalarından da istifadə etməklə maraqlı işlər ərsəyə gətirmək olar. Dünyada belə təcrübə kifayət qədərdir”.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Elnarə Akimova da mövzu ilə bağlı dram nümunələrinin azlığından danışdı. Bu tematikada müəyyən boşluq olmasını etiraf edən ədəbiyyatşünas hər zaman aktual olan mövzuya səhnə estetikasında baxış yoxsulluğunun təəssüf doğurduğunu dedi. O, bunu daha çox 90-cı illər ədəbiyyatında vətənpərvərlik, ictimai-siyasi tematikadan perik salınma ilə bağlayır: “Buna görə də bizdə nəinki 20 Yanvar, ümumilikdə Qarabağ, müharibə ilə bağlı hadisələri dolğun ifadə edən, onu mətn kimi içində əridib bədii-estetik təcəssümünü verə bilən əsər yoxdur”.

Sonda onu da qeyd edim ki, 20 Yanvarın 30-cu ildönümü ilə bağlı yenə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni səhnə işi hazırlayıb. Xalq yazıçısı Anarın “Şəhərin qış gecələri” əsərinə Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Tamaşanın premyerası 18-19 yanvar tarixində olacaq.

HƏMİDƏ