ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Pol Qosar 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatla çıxış edib.
Ölkəmizin ABŞ-dakı səfirliyindən bildiriblər ki, bəyanatda Azərbaycanda Qara Yanvar kimi tarixə yazılan faciənin 1990-cı ilin yanvar ayında baş verdiyi, o zaman SSRİ rəhbərliyinin ölkəmizdə azadlığı boğmağa və Azərbaycan xalqına öz siyasi iradəsini yeritməyə cəhd göstərdiyi diqqətə çatdırılır.
Qeyd olunur ki, Azərbaycan xalqının sülhpərvər azadlıq çağırışlarına sovet rəhbərliyi silah və tanklarla cavab verdi. Bunun nəticəsində 147 nəfər mülki şəxs qətlə yetirildi, yüzlərlə insan yaralandı və həbs olundu. Bəyanatda Sovet İttifaqında müstəqillik hərəkatlarına qarşı qəddar münasibətə rəğmən azərbaycanlıların əzmkarlıq və qətiyyət nümayiş etdirdiyi, faciənin onlara güc verdiyi və bu mübarizənin 1991-ci ildə müstəqilliyə gətirib çıxardığı diqqətə çatdırılır. Bildirilir ki, müstəqilliyin elan edilməsindən sonra Azərbaycan regionda azadlıq mayakı rolunu oynadı, ABŞ-la dost və müttəfiq oldu.
Bəyanatda 20 Yanvar faciəsi zamanı həlak olanların xatirəsi yad edilir, Konqresin digər üzvləri də Qara Yanvarı yad etməyə çağırılır, Azərbaycanın müttəfiq rolu və azadlıq yolunda səyləri bir daha vurğulanır.