Aydın Kazımzadə: “Həyatda nəyə nail olmuşamsa, hamısı təsadüfdür. Kino isə həyatımın ən xoş təsadüfüdür”

Yanvarın 15-də görkəmli kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin 80 yaşı tamam oldu. Ömrünün 60 ilə yaxınını Azərbaycan kino salnaməsinin yazılmasına, bu tarixin araşdırılmasına həsr edən Aydın Kazımzadə milli kino sənətimizin canlı ensiklopediyasıdır desək, yanılmarıq. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən Aydın müəllim kino sahəsinə təsadüfən gəldiyini, amma bu təsadüfi gəlişin əbədi və uğurlu olduğunu hər zaman xüsusi vurğulayır.

“Yaşımla əlaqədar təqaüdə çıxsam da, yenə çalışıram. Mənə belə gəlir ki, nə qədər ömrüm var, işləyəcəyəm” deyən yubilyar kinoya olan sevgisini belə ifadə edir: “Mən həmişə faktlara və düzgünlüyə tərəf olan insan olmuşam. Həyatda nəyə nail olmuşamsa, hamısı təsadüfdür. Kino isə mənim həyatımın ən xoş təsadüfüdür”.

Kino ilə nəfəs alan tədqiqatçı illərdir oxuculara Azərbaycan kinematoqrafiyasının zənginliyini çatdırır, bu sahədə hər dəfə aşkarladığı yeni-yeni maraqlı faktlarla kino salnaməmizi zənginləşdirir. Aydın Kazımzadə həm də Azərbaycanda kino mətbuatının yaradıcısı sayılır. O, 300-dən çox elmi-publisistik məqalənin, Azərbaycan kino tarixinin parlaq səhifələrini, çox qiymətli materiallarını özündə cəm edən 35 kitabın müəllifidir. Bu gün də kino sahəsində tədqiqatlarını yorulmadan davam etdirir.

Müharibə dövrünün uşağıyam deyən, böyük çətinliklərdən keçən  yubilyarın həyatı keşməkeşli, ağ-qara anlardan ibarət olsa da, çox şərəfli bir ömür qisməti var. O ömür ki, bu gün öz zəhməti ilə tanınır, sevilir və seçilir.

 

Böyük mənəvi məsuliyyət

 

Görkəmli kinoşünas və kino tarixçisinin bu sahədə töhfələri incəsənət xadimləri tərəfindən də yük sək qiymətləndirilir.

Xalq artisti Əbdül Mahmudov onunla uzun illər qonşu olduqlarını vurğuladı: “Aydın Kazımzadənin zəhməti onu əbədiyyətə aparacaq, yazdıqları əbədi olaraq müəllifini yaşadacaq. Bu əsərlər tədris olunacaq, təbliğ ediləcək və bununla da onun adı həmişə kino tariximizdə qalacaq. O, çox böyük mənəvi məsuliyyətə malik insandır. Azərbaycan kinosunun tarixinin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılıb sübuta yetirilməsi və Prezident Heydər Əliyevin sərəncamı ilə 2 avqust tarixinin Milli Kino Günü elan edilməsi Aydın Kazımzadənin adı ilə bağlıdır. Azərbaycanda animasiya kinosunun da yaranma tarixinin 1933-cü ilə aid olması faktını sübuta yetirən Aydın müəllimdir”.

 

Pillə-pillə zirvəyə...

 

Əməkdar artist Elxan Qasımov Aydın Kazımzadəni ciddi insan kimi xarakterizə edir: “60 ilə yaxındır, onunla bir addımlayırıq. O, heç vaxt yüngül zarafatları, lazımsız tərifləri xoşlamayıb. Yadımdadır, 1963-cü ildə “Əhməd haradadır?” filmindən reportaj hazırlayan Aydın mənim haqqımda da ilk dəfə mətbuata yazanlardandır. O, bugünkü zirvəyə pillə-pillə qalxıb. Heç vaxt iki pilləni birdən adlamayıb. Uzun illər “Kino” qəzetinin və “Film” jurnalının baş redaktoru, Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, Azərbaycan Televiziyasında Dublyaj şöbəsinin müdiri, “Azərkinovideo” İctimai Birliyində Reklam şöbəsinin müdiri, Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini, icraçı direktoru, Dövlət Film Fondunun direktor müavini, baş mütəxəssisi vəzifələrində çalışıb. Bütün bunlar çox ciddi işlərdir. O özü üçün heç vaxt xahiş etməyib. Çox təvazökar adamdır”.

 

İlk kinoplakatların təşəbbüskarı

 

Xalq rəssamı Arif Hüseynov yubilyarı uzun illərin dostu kimi təbrik edir: “Biz eyni taleyi yaşayan insanlarıq. Hər ikimiz müharibə dövrünün uşaqlarıyıq. İkimiz də Bakının məşhur məhəllələrində dünyaya gəlmişik. Aydın “Kubinka”da, mən isə “Sovetski”də. Bizi kino birləşdirib. O, kino sahəsində ilk kinoplakatların yaradılmasının təşəbbüskarıdır. Vaxtilə onun təşəbbüsü ilə hazırladığım bir neçə kinoplakatı Dövlət Film Fonduna təhvil vermişəm. Rus dilində “xudojnik” (rəssam) sözü müxtəlif sahələrə aid edilir. Aydın öz sənətinin yaradıcısıdır.

 

***

 

Sənətşünaslıq namizədi, kino nəzəriyyəçisi Əlisəftər Hüseynov kino sahəsinə üz tutmasında birbaşa Aydın müəllimin rolunu qeyd edir. Bildirir ki, bu gün də kino haqqında hər hansı bir yazıya başlayarkən onun verdiyi ilk xeyir-duanı yada salır: “Mənim taleyimdə onun böyük rolu var. Onun iş qabiliyyəti məni hər zaman heyrətləndirib. Nə zaman zəng vursan, işləyir, daim axtarışdadır”.

 

***

 

Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov Aydın müəllimlə tanış olarkən böyük mənəvi yükə sahib bir ziyalını kəşf etdiyini deyir: “Aydın müəllim çox təmənnasız insandır. Kino sahəsində öz işinin fədaisi, zəhmətkeşi olan onun kimi tədqiqatçıya az rast gəlmək olar. Nə yaxşı ki, kinomuzun tarixini təhlil edən, qələmə alan bu insan var. O, çox pozitiv, gənclərə yol göstərən, kino jurnalistikası ilə bağlı məsləhətlərini əsirgəməyən əsl ziyalıdır”.

Aydın Kazımzadə kino ilə bərabər doğulub boy-başa çatdığı şəhərinə də sonsuz sevgi bəsləyir: “Şəhərin daş döşənmiş, tozlu küçələrini yaddaşımda, qəlbimdə sevgi ilə gəzdirirəm. Həmin toz, dar dalanlar, tinlər mənə o qədər əziz idi ki... “Bir cənub şəhərində” filmindəki mənzərələr Bakının unudulmaz tarixi mənzərəsidir. Bu gün nə o küçələr, nə də o adamlar var. Buna baxmayaraq, mən müasir Bakını da çox sevirəm”.

Uzun və mənalı ömrü kinolentə bənzəyən yubilyar geri dönüb həyatındakı hər hansı bir kadrı yenidən izləmək istəmir: “Nə yaşamışamsa mənim üçün qəbuldur. İnsan ruhən özünü qorumalıdır. Vay o günə ki, insan ruhən ölsün. Ruh ölərsə, sən 50 yaşında 80 yaşlı insan kimi görünəcəksən. Əksinə olanda isə sən 80-də də 50 yaşlı kimi görünə bilərsən”.

 

Məxsusi kino dili

 

Bu gün Azərbaycan kinosunun görkəmli nümayəndələrinə həsr olunmuş tədbirləri Aydın müəllim olmadan təsəvvür etmək mümkün deyil. Bu tədbirlərdə o hər bir sənət adamına özünəməxsus yanaşması ilə seçilir. O, kinomuzda əməyi olan insanlar haqqında bitib-tükənməyən xatirələri ilə, Azərbaycan dilinin zənginliyindən istifadə etməklə mərhum sənətkarları yenidən tamaşaçılara sevdirir.

Aydın müəllim həm də kinodan yazan jurnalistlərin, bu sahənin gənc araşdırıcılarının etibarlı canlı arxividir. Müraciət etdiyimiz zaman məlumatları təfərrüatı ilə, dəqiqliklə izah edir, bizimlə bölüşür. Onun öz kino dili var. Terminlərdən, qəliz ibarələrdən uzaq, amma tam səlis və cəlbedici. Ən mürəkkəb kino süjetlərini çox sadə dillə gözəl şəkildə izah etmək bacarığı Aydın Kazımzadənin özünəməxsusluğudur. 

 

Görüləcək çox işlər var...

 

Aydın müəllim yüksək əhvalla yubiley planlarından söz açdı. Bildirdi ki, bütün televiziya və radio kanalları onunla müsahibə edib, haqqında verilişlər hazırlayıblar: “Yanvarın 24-də “Azərbaycanfilm” kinostudiyası və Dövlət Film Fondunun təşəbbüsü ilə yubileyimlə bağlı tədbir keçiriləcək. Yubileyim ərəfəsində mənə ən böyük hədiyyəni isə möhtərəm Prezident İlham Əliyev etdi. Dövlət başçısı mənə mənzil hədiyyə edib. Düşünürəm ki, bundan gözəl və dəyərli hədiyyə ola bilməz”.

Aydın müəllim hazırda “Xatirələr” kitabını bitirmək üzrədir. Həmçinin “Azərbaycanın kino salnaməsi”nin ikinci cildini nəşrə hazırlayır. Deyir ki, günlərlə, aylarla arxivlərdə oluram. Qarşıda görüləcək çox işləri var...

Uzun illər diqqətəlayiq araşdırma yazıları ilə “Mədəniyyət” qəzetinin də səhifələrini bəzəyən Aydın müəllimi kollektivimizin adından 80 illik yubileyi münasibətilə təbrik edir, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

Lalə AZƏRİ