Yazının başlığı sizlərə qəribə görünsə də, deməliyik ki, bu yazıda alman kimi dünyaya göz açan, sonradan İslam dinini qəbul etməklə adını “Abdulla”ya dəyişdirən və rəssam kimi fəaliyyət göstərən Vilhelem Kizevetterin (1811-1865) yaradıcılığından söz açmaq niyyətindəyik. Təbii ki, onun yaradıcılığının marağımıza səbəb olması təkcə İslam dinini qəbul etməsi ilə bağlı deyil. Başlıca səbəb Almaniyada rəssam və etnoqraf kimi tanınan V.Kizevetterin Avropa ilə yanaşı, müsəlmanların yaşadıqları yerlərə, o cümlədən də Azərbaycana da maraq göstərməsidir...
Tanışlıq üçün deyək ki, Berlində doğulan və ilkin ixtisas təhsilini Kral Botanika bağı nəzdindəki rəsm dərnəyinin müəllimi Karl Getinqdən alan V.Kizevetter, o dövrdə davamlı olaraq təşkil olunan akademik sərgilərdə iştirak etsə də, etnoqrafiyaya ciddi maraq göstərməsi onu dünyanı tanımağa, müxtəlif yerlərə səfər etməyə sövq edib. Əvvəlcə Şimali, Cənubi və Şərqi Avropaya (1838-1853), sonra isə Krıma (1845-1847) səyahət edən rəssamın yerli şəraitlə tanışlığı təkcə rəsm çəkmək çərçivəsində qalmamışdır. O, Krımda yaşadığı bir neçə il ərzində yerli tatarların dilini öyrənmiş, İslam dinini qəbul etmişdir. Rəssam orada “Alman Abdulla” adı ilə məşhur olmuşdur. Krım tatarlarının həyatından bəhs edən 30-dan çox əsər yaradan və maket hazırlayan rəssamın burada Qafqaz və onun çoxsaylı xalqları barəsində məlumat alması onu Azərbaycana yollanmağa həvəsləndirib. Beləcə, o, Bakıya üz tutub və 1848-1849-cu illərdə qədim şəhərin memarlığı və əhalinin məişəti ilə yaxından tanış olmuşdur. Onun bu səfərinin nəticəsində yağlı boya ilə çəkdiyi doqquz tablo hazırda Berlindəki Avropa Mədəniyyəti Muzeyində nümayiş olunur...
Çəkdiyi əsərlərin bədii həllində Abdullanın realist-gerçəkçi üsluba üstünlük verməsi, heç şübhəsiz, həm də onun etnoqraf olmasından qaynaqlanırdı. O, kompozisiyaya daxil etdiyi müxtəlif personajların, müxtəlif detalların və atributların səciyyəvi əlamətləri barəsində daha dolğun təsəvvür yaratmaq üçün onların dəqiqliyini və inandırıcılığını əldə etməyə çalışırdı. Bunu Bakıda çəkdiyi müxtəlif mövzulu əsərlər də təsdiqləyir...
Qənaətimizcə, rəssamın tarixiliyi danılmaz olan bütün tabloları maraqlı olsa da, onun Bakı xanlarının sarayına həsr olunmuş əsəri xüsusilə əhəmiyyətlidir. Belə ki, bu vaxta qədər müxtəlif mənbələrdə bu sarayın mövcudluğu barəsində çoxsaylı məlumatlar olsa da, tikilinin daxili tərtibatı barəsində heç bir qeydə rast gəlinməyib. Bu mənada alman rəssamın “İçərişəhərdə sonuncu xanın qonaq otağı (Güzgülü otaq)” tablosu maraq doğurur. Sarayın döşəməsini bəzəyən müxtəlif xalılar və döşəklər, naxışlarla örtülmüş tavan, yan divarlardakı “Qacar üslub”lu müxtəlif janrlı rəngkarlıq əsərləri yüksək sənətkarlıq nümunəsi təəssüratı yaradır. Bu əsərlər həm birbaşa divarda, həm də kətanda çəkilmişdir. Bütünlükdə, onların interyeri zənginləşdirən görkəmi və tikilinin daxili quruluşu ilə əlaqəsi onun yaradıcısının sənətlərin sintezi məsələsinə bələdçiliyi görünməkdədir.
Əsərin 1848-1849-cu illərdə çəkildiyini nəzərə alsaq, onda bu sarayın XIX yüzilliyin ortalarında yeni inşaat işlərinin aparılması məqsədilə söküldüyünün iddia olunması şübhə doğurur. Elə indinin özündə də – bərpa işləri aparılan həmin yerlə tanışlıq göstərir ki, zamanında hərbi obyekt kimi istifadə olunan bu tikilinin yerində sonradan miqyaslı heç nə tikilməyib. Odur ki, daxili bəzəkləri məşhur Sərdar və Şəki Xan saraylarından geri qalmayan və bakılı Hüseynqulu xanın şəhərin mərkəzində olan bu iqamətgahının hansı səbəbdən sökülməsi suallar doğurur. Zamanında Sərdar sarayının uçurulmasına erməni vandallığı səbəb olmuşdusa, görəsən, gözəl interyerə malik olan Bakı sarayı kimin məkrinin qurbanı olmuşdur?
Abdulla Kizevetterin digər əsərlərində əks olunan motivlər göstərir ki, birdən-birə rəssam üçün çox maraqlı görünə biləcək mühitlə qarşılaşması onun digər mövzularda əsərlər yaratmasını şərtləndirmişdir. “Atəşgah. Suraxanı”, “Bakıda məktəb”, “Nağılbaz”, “Baş kahinin otağına yığılmış hindli zərdüştlər”, “Yeməkxana”, “Bakı – qədim şəhər”, “Çayxana” və “Bakının uzaqdan görünüşü” tablolarında onun zəngin müşahidə qabiliyyətinə malik olduğunu görmək olar. Rəssamın xüsusilə forma-biçim orijinallığı danılmaz olan Atəşgaha bədii münasibətində buna əmin olmaq mümkündür.
Etiraf edək ki, bu əsər Abşeronun az qala “tanınma nişanı”na çevrilmiş tikiliyə bütün zamanlarda çəkilmiş sənət nümunələrindən çox fərqlənir. Abidəni bilərəkdən gecə vaxtı təsvir edən fırça ustası, bununla da məbədin gur işıqlara bələnmiş görkəmini qaranlığa qarşı qoyaraq cəlbedici təzadın yaranmasını əldə etmişdir. Suraxanı üzərinə çökmüş qaranlıqda məbəd və onun həyəti çox cəlbedici görünür. Tablonun tünd-qəhvəyi və sarı rənglərdən ibarət olan ümumi koloriti kifayət qədər duyğulandırıcıdır...
Avropa məişəti və mədəniyyəti şəraitində böyüyən almaniyalı rəssam üçün Şərq məkanında gördükləri heç şübhəsiz, yeni və çox maraqlı idi. Odur ki, Bakıda ayaq basdığı hər bir yerdə gələcək əsərlərinin mövzusunu tapırdı. Şəhərin müxtəlif nöqtələrdən çəkilmiş mənzərəsi, məktəb, yeməkxana, bazar və çayxanada gördükləri məhz qərbli rəssamın gördüklərindən heyrətlənməsinin nəticəsində yaranmışdır. Odur ki, təqdimatında duyulası səmimilik hiss olunan bu əsərlər uzun müddət unudulmur. Həmin əsərlərin həm də XIX əsr Azərbaycan gerçəkliyinə həsr olunması və yerli cəmiyyətin həyatına yönəli real “bədii güzgü” kimi qəbulu onların tarixi əhəmiyyət daşımasını şərtləndirmişdir...
Onun iki əsərində Bakının özünəməxsus landşaftının göstəricisini – İçərişəhərdə binaların üst-üstə sıralanmasını və küçələrin labirintəbənzər görkəminin cəlbedici və yaddaqalan tutumda bədiiləşdirilməsinin aşıladığı estetik dəyərlər zənginliyi ilə seçilir. Rəssam şəhər mənzərəsi fonunda dadlı-duzlu danışığı ilə çoxsaylı insanları öz ətrafına toplamağı bacaran “Nağılbaz”ın bədii təqdimatında da təzadlardan ustalıqla istifadə etmiş, əsas məna-məzmun daşıyıcısının əsərin dominantına çevrilməsinə nail olmuşdur.
Qaranlıq zirzəmidə toplaşmış bilik almağa meyilli uşaqların (“Bakıda məktəb”) işıqlı arzularının üzərindən asılmış şəraitsizlik probleminin yenə də rəng təzadları ilə diqqətçəkənliyinə nail olan müəllif məkanın dəqiqliyini qabartmaqla, yaranmış vəziyyətin o qədər də ürəkaçan olmadığını göstərmişdir.
Rəssamın rənglərlə canlandırdığı yeməkxana və çayxana interyerlərində də daha çox etnoqraf marağının nəticəsini görmək mümkündür. Hər iki interyer tərtibatının məkan funksionallığı ilə əlaqələndirilməsi qabarıq olmaqla yanaşı, həm də cəlbedicidir. Bu etnoqrafik dəqiqlik həm də zamana real-gerçəkçi münasibət kimi tarixi əhəmiyyət kəsb edir...
Sonda deyək ki, rəssam vətənə qayıtdıqdan sonra 1854-cü ildə özünün yol qeydlərini nəşr etdirmişdir. Bununla da o, Mərkəzi Avropa oxucularını onlara tanış olmayan Krım və Azərbaycanla, bu yerlərin mədəniyyəti və məişəti, etnoqrafik xüsusiyyətləri ilə tanış olmağa imkan yaratmışdır.
Qeyd edək ki, 2018-ci ildə Simferopoldakı Krım tatarlarının mədəni irsi muzeyində “V.Kizevetterin Krım səyahəti” adlı sərgi təşkil olunmuşdur. Rəssamın Azərbaycanla bağlı əsərlərinin də Bakıda nümayişi Almaniya-Azərbaycan dostluq əlaqələrinin möhkəmləndirilməsində müsbət rol oynaya bilərdi.
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor