Moskvada təqdim olunacaq
Fevralın 29-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Nəbatat bağında pianoçu Riyad Məmmədov və triosunun ifasında “Min bir gecə”dən dörd nağıl” silsiləsindən ikinci konsert təqdim olunacaq.
Riyad Məmmədovun caz triosu bu dörd konsertdə XX əsr musiqisinin tarixindən söz açır. O, deyib: “Şəhriyar şah və onun zövcəsi Şəhrizad haqqında “Min bir gecə” nağılı çərçivəyə salınmış povest prinsipi üzərində qurulub və məzmununa yeni müstəqil mətnlər daxil etməyə imkan verir.
Biz silsilə konsertlərimizin təşkilində bu prinsipdən istifadə edirik. Musiqi dili ilə danışacağımız dörd nağılda bəstəkar və ifaçıların yeni musiqinin yaranması ilə bağlı hissləri, şəxsi əhvalatları və təəssüratları əks olunacaq”.
Riyad Məmmədov fortepiano ixtisası üzrə Moskva Konservatoriyasını və aspiranturasını, həmçinin musiqi nəzəriyyəsi ixtisası üzrə aspiranturanı bitirib. Belçika, Kanada, Fransa, Rusiya və başqa ölkələrdə festivallara qatılıb. Teodor Kurentzisin “MusicAeterna” orkestrinin, Kanadanın “Niagara Silkway” kamera orkestrinin”, “Münchner Philharmoniker” və digər orkestrlərin müşayiəti ilə çıxış edib. Pedaqoji fəaliyyətlə də məşğuldur, Azərbaycanın müasir musiqi sənəti ilə bağlı məqalələrin müəllifidir.