Latviyanın paytaxtı Riqanın “VEF” mədəniyyət sarayında həmyerlimiz Ülvi Əzizovun rol aldığı “Şelkunçik” baleti (P.Çaykovski) təqdim olunub.

“Etoile Ballet Gala” layihəsi çərçivəsində nümayiş olunan səhnə əsərində Moskvanın “Klassik balet” teatrının artistləri də çıxış ediblər. Bütün heyətin məharətli çıxışı rəğbətlə qarşılanıb.

Bakı Xoreoqrafiya Məktəbinin məzunu olan Ülvi Əzizov Türkiyədə balet ustası kimi təkmilləşib. Dünya şöhrətli xoreoqraf Yuri Qriqoroviçin təşkil etdiyi “Dünyanın gənc baleti” müsabiqəsində (2006) xüsusi mükafata layiq görülüb.

2009-cu ildə R.Nureyev adına beynəlxalq festivalda mükafat qazanıb. Müxtəlif ölkələrin balet teatrlarında, o cümlədən Latviyanın balet səhnələrində müntəzəm olaraq uğurla çıxış edir.