Martın 14-də Bakıdakı Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” kamera orkestri  və tanınmış pianoçu Lyuka Debarqın konserti keçiriləcək.

Proqramda məşhur bəstəkarlar Ferens List, Kşiştof Penderetski, Meçislav Vaynberq və Miloş Maginin əsərləri təqdim ediləcək.

Baltikyanı ölkələrin gənc musiqiçilərindən ibarət kamera orkestrini 1997-ci ildə skripkaçı Gidon Kremer yaradıb. Qrup qısa vaxt ərzində dünya səviyyəsində peşəkar kollektivə çevrilib və beynəlxalq nüfuz qazanıb.

“Kremerata Baltika” 50-dən artıq ölkədə çıxış edib 1000-dən çox konsert verib. 2002-ci ildə “Qremmi” (“Grammy”) və “Exo” (“ECHO”) mükafatlarını qazanıb. Orkestr 20-dən çox kompakt disk (CD) yazdırıb. “Kremerata Baltika” 2003-cü ildən Latviyada öz festivalını keçirir.

Beynəlxalq müsabiqələr laureatı fransız pianoçu Lyuka Debarq (Lukas Debargue) Gidon Kremer və  “Kremerata Baltika” orkestri ilə 2017-ci ildən əməkdaşlıq edir. O, 2018-ci ildə kollektivin Çin və Yaponiyaya qastrollarında iştirak edib.