Yanvarın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş konsert proqramı keçirildi.
Anım tədbirində Mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Rafiq Bayramov, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirdi.
Konsert proqramında Azərbaycan bəstəkarlarının yaradıcılığından vətənpərvərlik ruhu aşılayan musiqi nümunələri yer almışdı.
Konsertdə Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Qara Qarayevin “Matəm odası”, “İldırımlı yollarla” baletindən “Adagio” və “Final”, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Azər Rzayevin “Bakı 90” simfoniyası səsləndirdi.