Dünya ölkələrində 1990-cı ilin Qara Yanvarı yad edilib
Bakıda 1990-cı ilin 20 yanvarında yaşanan bəşəriyyət əleyhinə cinayətin ildönümü dünyanın bir çox ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinin, diaspor təmsilçilərinin, yerli rəsmi dairələrin və ictimaiyyətin iştirakı ilə qeyd olunub.
ABŞ Konqresinin üzvü Stiv Şabot bəyanatla çıxış edərək, “Qara Yanvar” kimi tarixə düşən qətliam zamanı həlak olmuş günahsız insanların xatirəsini yad edib və 20 Yanvar faciəsinin tarixi əhəmiyyətini vurğulayıb. Konqresmen bəyanatında Sovet İttifaqı rəhbərliyinin bu sərt tədbirinin Azərbaycanda müstəqillik hərəkatını boğmağa cəhd olmasına baxmayaraq, nəticə etibarilə Azərbaycan və digər respublikaların müstəqillik hərəkatlarına təkan verib.
Stiv Şabot digər Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırıb. Xatırladaq ki, bundan öncə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvləri Pol Qosar, Stiv Kohen, Robert Aderholt 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatla çıxış etmişdi.
ABŞ-ın Çikaqo şəhərində 20 Yanvarın 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, şəhərdəki azərbaycanlı icmasının üzvləri qeyd ediblər ki, qan yaddaşımızda əbədi yaşayacaq 20 Yanvar günü xalqımızın yenilməz iradəsinin rəmzinə çevrilib.
Tədbir zamanı Valentina Afonina Azərbaycan klassik musiqisindən Ü.Hacıbəyli, F.Əmirov və Q.Qarayevin əsərlərini pianoda ifa edib. İcma üzvü Cavad İsmayilbəyli ney alətində təsirləndirici musiqi parçası səsləndirib.
***
Londonda 20 Yanvar faciəsinə həsr edilmiş anım tədbiri keçirilib. Mərasimdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 20 Yanvar faciəsi haqqında məlumat verib. Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin yaradıcısı və rəhbəri Əli Təkin Atalar, gürcü əsilli antropoloq və etnoqraf, İngiltərənin məşhur universitetlərində dərs demiş Tamara Draqadze də faciə haqqında danışıblar.
Sonra Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub. Əməkdar mədəniyyət işçisi, tarzən Rafiq Rüstəmov həzin Azərbaycan musiqisi ifa edib.
***
Yanvar faciəsi qurbanlarının xatirəsi Bolqarıstan paytaxtında da anılıb. Sofiya şəhərinin tarixi məkanlarından olan Mərkəzi Hərbi Klubda keçirilən tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ölkəmizin müasir tarixinin qanlı səhifələrindən olan 20 Yanvar faciəsi haqqında məlumat verib. Diplomat 20 Yanvar hadisələrinin sovet ordu hissələrinin 1986-cı ildə Almatıda, 1989-cu ildə Tbilisidə və 1991-ci ildə Vilnüsdə törətdiyi hərbi müdaxilələr arasında ən qəddarı olduğunu bildirib.
Tədbirdə CBC telekanalının dəstəyi ilə ərsəyə gələn “İş nömrə 2. Qara Yanvar” adlı sənədli film nümayiş etdirilib. Bolqar musiqiçi Ani Linçevanın pianoda ifası dinlənilib.
***
Sidney şəhərində Avstraliya Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Assosiasiyanın sədri Mikayıl Oyta, təşkilatın fəalları Nazim Salahov və Sima Oyta 30 il əvvəl baş vermiş hadisənin səbəb və nəticələrindən danışıblar. Qeyd edilib ki, ötən əsrin 80-ci illərinin sonlarında Ermənistan rəhbərliyinin apardığı siyasətin nəticəsi olaraq yüz minlərlə azərbaycanlı öz ata-baba torpaqlarından çıxarılıb və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn təxribatlar nəticəsində qanlı hadisələr törədilib. Sovet rəhbərliyi xalqımızın bununla bağlı haqlı etirazının qarşısının alınması məqsədilə 1990-cı il yanvarın 20-də ordunun mülki əhaliyə qarşı amansız divan tutması haqqında qərar verib, lakin bu faciə Azərbaycan xalqını müstəqilliyə gedən yoldan döndərə bilməyib.
***
Azərbaycanın Serbiyadakı səfirliyi Qanlı Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirib.
Sonra səfir Eldar Həsənov çıxış edərək 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşiliklərdən danışıb. Səfirlik tərəfindən hazırlanmış məlumat xarici ölkələrin Belqraddakı diplomatik nümayəndəlikləri, Serbiyanın dövlət strukturları, qeyri-hökumət təşkilatları və mediada yayılıb. “Balkanin” portalında “Qara Yanvar – 30-cu ildönümü” başlıqlı məqalə dərc edilib.
Azərbaycanın Monteneqro və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliklərində də anma mərasimləri keçirilib.
***
Azərbaycanın Misirdəki səfirliyində misirli tədqiqatçı və jurnalist Məhəmməd Sələmənin “Qanlı Yanvar... Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabının təqdimatı keçirilib. Kitab səfirliyin maliyyə dəstəyi ilə çap edilib.
Səfir Tural Rzayev 20 Yanvar hadisələri barədə məlumat verib. Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin sabiq müdiri, Helvan Universitetinin professoru Adil Dərviş 20 Yanvar hadisələrinin şahidi olduğunu, həmin vaxtlar Bakıda doktorantura pilləsində təhsil aldığını xatırladıb.
M.Sələmə “Qanlı Yanvar... Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabın arxiv sənədləri əsasında yazıldığını deyərək həmin dövrdə Misir parlamentində bəzi deputatların Bakıda baş verən hadisələri kəskin pislədiyini, Misir qəzetlərində bu barədə yazılar verdiyini qeyd edib.