Ötən il “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi üçün əlamətdar hadisələrlə yadda qalıb. Bu barədə yanvarın 23-də keçirilən mətbuat konfransında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov bildirib.

2019-cu ildə idarənin iştirakı ilə keçirilən tədbirlərdən söz açan Əsgər Ələkbərov Qala qoruğunda IV Beynəlxalq “Daşın nəğməsi” simpoziumunun təşkili, İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzi (İRCİCA) ilə birgə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının və “İslam dünyasında incəsənətin inkişaf perspektivləri” mövzusunda konqresin keçirilməsini, ikinci dəfə gerçəkləşən Nəsimi festivalı çərçivəsində silsilə tədbirləri xüsusi qeyd edib.

İçərişəhərin mədəni irsi ilə bağlı layihələr ötən il də davam etdirilib. Böyük Qala küçəsi 50 ünvanında arxeoloji qazıntı vaxtı aşkarlanmış Orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa və konservasiya işləri yekunlaşıb. Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində təmir-bərpa işləri başa çatdırılıb. Bu layihələr Avstriyanın “Atelier Erich Pummer” şirkəti tərəfindən həyata keçirilib.

Böyük Qala küçəsindəki XVII-XVIII əsrlərə aid Bakı Xanları Evində təmir-bərpa işləri davam etdirilir və cari ilin ortalarına kimi bitməsi nəzərdə tutulub. Bakı Xanları Evinin yanında parkın salınması istiqamətində də işlər davam etdirilir.

İdarə rəhbəri vurğulayıb ki, 2020-ci ildə İçərişəhərin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsinin 20 illik yubileyi ilə bağlı ölkəmizdə və bir sıra xarici ölkələrdə tədbirlər keçiriləcək. İtaliyada Romualdo Del Bianko Fondunun təşkilatçılığı ilə keçiriləcək 22-ci Beynəlxalq assambleya və simpoziumda xüsusi təqdimatların, Türkiyədən gətirilən eksponatlardan ibarət “Azərbaycan hökmdarları: Ağqoyunlular” mövzusunda sərginin təşkili bu qəbildəndir.

İçərişəhərdəki Bakı Fotoqrafiya Evində fransız arxeoloqu, səyyah və etnoloqu Jozef Baron de Bayın Bakıya aid fotolarının nümayişi, “İçərişəhər – Dünya irs şəhəri 2020” mövzusunda beynəlxalq seminar və digər layihələr də nəzərdə tutulur.