Musiqili teatr səhnəsi ulduzlarının kino yaradıcılığı barədə

II yazı

Böyük Vətən müharibəsinin iqtisadiyyata vurduğu yaralar sağaldıqca, dağıntılar bərpa edildikcə, ölkədə, yəni o zamankı SSRİ-də həyat öz məcrasına düşür, insanlar daha maraqlı, daha dolğun həyat yaşamağa başlayırdılar. Təbii ki, bu coşqu, yaşayıb-yaratmaq həvəsi, XXI əsrdən baxarkən nə qədər qəribə görünsə də, hətta siyasiləşdirilərək Amerikanı ötüb keçmək, sosializmi bütün dünyada yaymaq istəyi həyatın bütün cəhətlərində öz bəhrəsini verirdi. Nəhəng ölkənin bir parçası olan Azərbaycanda da bu vüsət qabarıq hiss olunurdu.

Bu gün Azərbaycanın iri sənaye şəhərləri olan Sumqayıtın, Mingəçevirin sürətlə böyüməsi, dünyada su üzərində ilk şəhər – Neft Daşlarının salınması, dənizdən neftin hasil edilməsi də iyirminci yüzilliyin qırx-əllinci illərində baş verdi. Yenə də, təbii ki, bütün bu yeniliklər Azərbaycan bədii kinosunun diqqətindən yan keçmədi. Üstəlik, dövlət rəhbərliyi və hakim Kommunist Partiyası da ölkədəki müsbət dəyişiklikləri, dinc quruculuq işlərini ədəbiyyatda, teatrda, kinoda, musiqi və təsviri sənətdə göstərməyi tələb edirdi.

Əllinci illərin ikinci yarısında Azərbaycan kinosundakı canlanmaya Moskvada Kinematoqrafiya İnstitutunda ali təhsil almış rejissor, operator və rəssamların yaradıcılığa başlaması da öz töhfəsini verirdi. Artıq aktyor qıtlığı da aradan qalxmışdı. Amma bununla belə… çəkilən filmlərdə biz teatr aktyorları ilə yanaşı opera və balet artistlərini, vokal və estrada müğənnilərini də görürük. Lap məşhur ifadədə deyildiyi kimi, əgər insan bir sahədə istedadlıdırsa, deməli, başqa sahədə də istedadını göstərə bilər...

 

Yusifi məşhur edən Faiq

 

Əllinci illərin ikinci yarısı “Azərbaycanfilm” kinostudiyasında bir-birinin ardınca çəkilən “O olmasın, bu olsun”, “Qara daşlar”, “Qızmar günəş altında” və “Bəxtiyar” filmlərində bir cavan oğlan da rol almışdı. Gur qara saçlı, iri, mənalı gözləri, idmançı kimi enlikürək bu oğlan ali vokal təhsili almış Faiq Mustafayev idi. “O olmasın, bu olsun” filmində cəmi 4 epizodda görünən və filmin sənədlərində Sərvərin dostlarından biri kimi adı qeyd edilən Faiq Mustafayev 1923-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirib. Bariton səsli vokalçı 1952-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb. 1959-cu ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adına layiq görülüb. Azərbaycan milli internet resurslarında opera artisti-kino aktyoru Faiq Mustafayev barədə məlumat bazası onun teatrda ifa etdiyi bir neçə partiyanın adının çəkilməsi, səhnədə canlı və təbii görünməsi, səsini obrazın xarakterinə uyğun idarə etmək bacarığının olduğu fikri ilə bitir. Hətta onun “Qara daşlar” filmində çəkilməsi də çox qısa məqalədə göstərilməyib.

“O olmasın, bu olsun” filmində sözsüz rol oynayan Faiq Mustafayev istər Rüstəm bəyin evinin qarşısında digər dost – gənc Müxlis Cənizadə Molla Pənah Vaqifin şeirini Sərvərin dilindən Gülnaz üçün söyləyəndə də, “Molla Nəsrəddin” jurnalının redaksiyasındakı qısa görüşdə də, jandarm kimi fit çalmaqla Məşədi İbadın yığıb gətirdiyi qoçu dəstəsini hürküdəndə heç nə söyləmir. Amma o dövrün gənc və sonradan məşhurlaşacaq aktyorları – Lütfi Məmmədbəyov, Müxlis Cənizadə və Əfrasiyab Məmmədov kimi məharətlə öz münasibətini mimikası, jestləri ilə çatdırır, ikinci planda qalsa da, tamaşaçının diqqətini çəkə bilir. Düzdür, sözsüz epizodik rola çəkilən gənc aktyorun ssenariyə belə nüfuzu həm də quruluşçu rejissorun, aktyorla işləyən heyət üzvünün də uğurudur.

Faiq Mustafayevi kino aktyoru kimi məşhurlaşdıran iki rolu var – “Qızmar günəş altında” filmindəki mühəndis Cəlal, bir də “Bəxtiyar” filmindəki Yusif. Nə qədər qəribə olsa da, öz xeyrini güdmək xasiyyəti özü ilə birlikdə böyüyən xudpəsənd Yusif filmin ilk epizodlarından sona doğru islah olan, səhvini başa düşüb kənd camaatının su tapmaq uğrunda mübarizəsində əsas simaya çevrilən Cəlaldan daha populyar qəhrəmandır. Artıq zərb-məsələ çevrilmiş “Sizin alma bağınızı öz meyvə bazamız hesab etdiyimiz günlərdə, Teymur Əliyeviç...”, “Bəli, bibi Yusifi sevir, Yusif də bibini” ifadələrini söyləyən ticarətçi Yusif rolunda gənc aktyor daha sanballı, bir qədər də yaşlı görünür. Halbuki  filmlərin dördü də 1955-1957-ci illərin məhsuludur.

Faiq Mustafayev “Qara daşlar” filmində fədakar dəniz neftçisi, fəhlə Teymur rolunda çəkilib. Teymuru onun filmdə oynadığı dörd obrazdan ən müsbəti, ən səmimisi hesab etmək olar. Qara daşlarda işləyən kəşfiyyat briqadası tufana düşür. İşi saxlamaq istədikdə qazılan quyunun baltası Temurun əlindən çıxaraq Tahiri yaralayır. Bu hadisədən sonra Teymur uzun müddət özünə gələ bilmir, hətta həkimlər Tahiri müayinə edərkən uşaq kimi ağlayır, ona bir şey olarsa, bundan sonra necə yaşayacağının narahatlığını yaşayır.

Bu filmlərdən sonra Faiq Mustafayev bir də kinoya çəkilmir. Onu daha filmə dəvət etmirlər, yaxud Yusif rolundakı “çoxmənalı” uğurundan sonra aldığı təklifləri bəyənmir, ya da opera səhnəsindəki işinin çoxluğundan kinoya çəkilmək istəmir. Təəssüf ki, bu sualların cavabını tapmadıq.

Azərbaycanın əməkdar artisti Faiq Mustafayev 1977-ci ildə teatr Leninqradda (indiki Sankt-Peterburq) qastrol səfərində olarkən qəflətən vəfat edib.

 

Özünü görmək üçün “Kölgələr sürünür”, səsini eşitmək üçün “Sevil”

 

Bizim haqsız olaraq unudulmuş, özü kimi səsi də yaddan çıxmış bir çox opera sənətçilərimiz var. Hərdən fikirləşirsən ki, nə yaxşı onlar, lap xırda epizodda da olsa, filmə çəkiliblər, kiçik də olsa, rol oynayıblar. Yoxsa simalarını da unudardıq. Onlardan biri də Rəhilə Cabbarovadır.

Vokalçı-aktrisa, müğənni, pedaqoq Rəhilə Muxtar qızı Cabbarova 1922-ci il noyabrın 24-də Tiflisdə anadan olub. Müharibə zamanı doğma şəhərdə hərbi hospitalda, sonralar xalq yaradıcılığı evində işləyib. 1947-ci ildə ailəsi ilə birlikdə Bakıya köçməli olan Rəhilə artıq o zaman gözəl və güclü səsə malik idi, Gürcüstan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olaraq fəaliyyət göstərirdi. Bakıda isə konservatoriyada təhsil alaraq ifaçılıq qabiliyyətini cilalayır. Hələ üçüncü kurs tələbəsi ikən Azərbaycan vokal məktəbinin inkişafında misilsiz xidmətləri olan SSRİ Xalq artisti Şövkət Məmmədovanın təklifi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist götürülür. Rəhilə Cabbarovanın gur və təmiz metso-soprano səsi vardı. Teatrda tamaşaya qoyulan Azərbaycan və dünya operalarında metso-soprano partiyalarını ifa edib. 1958-ci ildə respublikanın Əməkdar artisti adına layiq görülür. 1971-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Vokal kafedrasının müdiri vəzifəsində çalışıb.  Lakin bütün bunlardan əvvəl, Rəhilə xanım hələ çox gənc ikən “Kölgələr sürünür” (1958) filmində kiçik bir rola çəkilib. İlk baxışda deyə bilərsiniz ki, opera müğənnisinin kinoda çəkilməsində qəribə nə var ki? Məsələ ondadır ki, filmdə qayğıkeş ana, sədaqətli həyat yoldaşı, özünü unudub ərinin, qızının həyatı ilə, onların uğurları ilə yaşayan Cahan obrazı yaşca Rəhilə xanımdan xeyli böyükdür. 36 yaşlı Rəhilə Cabbarova yaşlı professor Sərdarlının (Ələsgər Ələkbərov) həyat yoldaşı rolunda çəkilib. Onun qızı Leyla rolundasa aktrisadan iki yaş böyük Leyla Bədirbəyli oynayır.

Cahan cəmi üç-dörd epizodda görünür. Kürəkəni Cavadovun saxtakarlıqla dolu namizədlik dissertasiyasının müdafiəsinə getmək istəməyən ərini dilə tutarkən, bu üzdən ata-qız arasında başlayan və tez keçən konfliktdə övladının tərəfini saxlayarkən, bir də bu əhvalatın davamı olan epizodlarda. Aktrisa nə qədər qrim etsə də, onun yaşının öz qəhrəmanından xeyli az olması diqqətə çarpır. Üstəlik, “Kölgələr sürünür” filminin çəkildiyi zaman belə tendensiya var idi ki, bütün dünya kinosunda yaşlı qadın roluna çəkilən cavan aktrisalar ahıllıq qrimindən qaçır, yalnız saçlarını bəyaz tellərlə boyalamaqla kifayətlənirdilər. Yeri gəlmişkən, bu meyil “Yeşilçam” və “Bollivud” lentlərində ta doxsanıncı illərədək davam etdi.

Bununla belə, Rəhilə Cabbarova Cahan rolunda öz obrazı ilə xarici uyarsızlığı daxili narahatlığını daha qabarıq büruzə verməyə çalışır, kamera ilə üzbəüz qaldığı iri planlarda özünü itirmir, kino dili ilə desək, kameraya oynamağı bacarır.

“Kölgələr sürünür” filmindən sonra Rəhilə xanım ekranda bir daha aktrisa kimi görünmür. Lakin… 1970-ci ildə Fikrət Əmirovun “Sevil” operası film-opera olaraq lentə alınanda Gülüşü səsləndirmək illər uzunu teatrda Gülüş partiyasını ifa etmiş Rəhilə Cabbarovaya həvalə edilir.

Doğrudan da, sənətçi taleyi qəribədir: gənc yaşında filmə çəkiləndə onun güclü vokal səsinə ehtiyac yox idi, sevimli operası ekranlaşdırarkən də görkəmcə Gülüşdən xeyli yaşlı olduğundan yalnız səsi kadr arxasından gəlir…

***

Əllinci illərin ikinci yarısında “Azərbaycanfilm” kinostudiyasında vokalçıların, müğənnilərin iştirakı ilə başqa filmlər də çəkildi ki, onlar barədə söhbətimiz qalsın növbəti yazıya…

P.S. Bu yazıda SSRİ Xalq artisti, “Arşın mal alan” filmindən sonra Azərbaycan tamaşaçısının qəlbini ömürlük fəth etmiş Rəşid Behbudov barədə qəsdən söz açmadıq. Sənətə estrada müğənnisi kimi gəlib kino artisti kimi tanınan, opera müğənnisi kimi də şöhrət tapan Rəşid Behbudovun kino taleyi barədə ayrıca söhbət açacağıq.

Gülcahan MİRMƏMMƏD