Yanvarın 24-də Bakıda “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi. Tədbir “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində gerçəkləşdi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Moskva Hökuməti və Rusiyanın TASS İnformasiya Agentliyinin dəstəyi ilə təşkil edilmiş konfransla bağlı Rusiyanın dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət, elm, təhsil  xadimləri, media nümayəndələrindən ibarət böyük nümayəndə heyəti Bakıya gəlmişdi.

Tədbirin açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamladı. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” artıq qlobal platforma kimi nüfuz qazanıb və Azərbaycanda beş dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Eyni zamanda “Bakı Prosesi” BMT tərəfindən qlobal platforma kimi yüksək dəyərləndirilib.

“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının əhəmiyyətindən bəhs edən nazir qeyd etdi ki, Bakıda bu il növbəti – VII Beynəlxalq Humanitar Forum keçiriləcək. Bu gün təşkil olunan tədbir də Foruma hazırlıq məqsədi daşıyır. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan Humanitar Forum xalqlarımız arasında əlaqələrin daha da inkişafına zəmin yaradır, mədəniyyətlərarası dialoqa xidmət edir.

Əbülfəs Qarayev bildirdi ki, konfransda Rusiyadan müxtəlif sahələri təmsil edən 150 nəfərə yaxın nümayəndə iştirak edir: “Konfransa Azərbaycan tərəfdən də nüfuzlu mütəxəssislər qatılıb. Keçiriləcək tədbirlər Azərbaycanla Rusiya arasında əlaqələrin genişləndirilməsinə və Humanitar Forum çərçivəsində müzakirə olunacaq məsələlərin müəyyənləşdirilməsinə xidmət edəcək. Eyni zamanda tədbir çərçivəsində maraqlı mədəni proqram tərtib olunub. Qonaqlar Azərbaycanın bir sıra muzeylərini, teatr-konsert müəssisələrini, ali təhsil ocaqlarını ziyarət edəcəklər”.

Nazir həmçinin diqqətə çatdırdı ki, konfrans çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə Moskva Şəhər Mədəniyyət Departamenti arasında əməkdaşlığa dair protokol imzalanacaq: “Bu sənəd qarşılıqlı mədəni əlaqələrin inkişafına töhfəsini verəcək. Həmçinin çox şadıq ki, bu dəyirmi masa Mixail Qusmanın yubileyinə təsadüf edir və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə o, “Şərəf” ordeni ilə təltif edilib. Bu münasibətlə bir daha bütün qonaqlar adından Mixail Qusmanı təbrik edirəm”. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya kitabxanaçılardan ibarət nümayəndə heyətinin də Azərbaycana təşrif gətirdiyini diqqətə çatdıran nazir dedi ki, qonaqlar Azərbaycan Milli Kitabxanasında və digər kitabxanalarımızda görüşlər keçiriblər: “Bu cür münasibətlər, sözün əsl mənasında, mədəniyyətlərarası dialoq, mədəniyyət sahəsində təcrübə mübadiləsi deməkdir. Əminəm ki, bu görüşlər müxtəlif sahələrdə əlaqələrin inkişafına böyük töhfə verəcək”. 

Sonra Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman çıxış etdi. O, fəaliyyətinə verdikləri dəyərə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. M.Qusman dəyirmi masanın təşkilinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə etdi. Dedi ki, Azərbaycan xalqı hər zaman sülhsevər və qonaqpərvər olub. Bu gün Rusiya və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir. Heydər Əliyev hər zaman Rusiya-Azərbaycan mədəni əlaqələrinə böyük diqqət yetirirdi.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Moskva Müzikl Teatrının bədii rəhbəri Mixail Şvıdkoy çıxışı zamanı diqqətə çatdırdı ki, dəyirmi masa xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır: “Biz hər zaman bir-birimizə yaxın olmuşuq və bugünkü görüş bu yaxınlığı daha da möhkəmləndirməyə, özülü bərkitməyə xidmət edir”.

M.Şvıdkoy həmçinin vurğuladı ki, hər bir xalqın tarixi zənginliyi onun zəngin incəsənəti ilə müəyyən olunur: “Bu sənət zənginliyindən söz açarkən biz dahi Qara Qarayevin adını da qeyd etməliyik. Bu gün Moskva Konservatoriyasının dəhlizlərini onun musiqisi olmadan təsəvvür etmək mümkün deyil. Qara Qarayevin Rusiya-Azərbaycan mədəniyyəti, musiqisi sahəsində xidmətləri hər kəsə məlumdur”.

Natiq çıxışının sonunda Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin dostluq münasibətlərinin iki xalq arasında əlaqələrə müsbət təsir göstərdiyini vurğuladı.

Daha sonra Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə Moskva Şəhər Mədəniyyət Departamenti arasında əməkdaşlığa dair protokol imzalandı. Sənədi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və Moskva Hökumətinin naziri, Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski imzaladı.

Dəyirmi masa çıxışlarla davam etdi. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, şair Aleksandr Qorodnitski, “Soyuzmultfilm”in baş direktoru Yuliana Slyaşova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən, iki ölkə arasında əlaqələrin perspektivindən söz açdılar.

LALƏ