“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə Milli Məclisdə görüş olub. Milli Məclisin Sədri Oqtay Əsədov TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanı yubileyi münasibətilə təbrik edib.
Bildirib ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Siyasi əlaqələrin inkişafında dövlətlərimizin başçılarının şəxsi münasibətlərinin və qarşılıqlı səfərlərin böyük rolu var. Hökumətlər və parlamentlər arasında əlaqələr davamlı olaraq genişlənir. 2019-cu ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 3 milyard dollardan artıq olub və bunun daha da artması gözlənilir. Siyasi-iqtisadi münasibətlərimizlə yanaşı, humanitar əlaqələrimiz də getdikcə genişlənir. “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı bunu bir daha sübut edir.
Oqtay Əsədov diqqətə çatdırıb ki, Azərbaycanda rus dilinə böyük hörmət var, Bakıda Slavyan Universiteti fəaliyyət göstərir, 338 orta məktəbdə rus dilində fənlər tədris olunur, 27 ali məktəbdə isə tədris rusca aparılır.
Sədr Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya son səfəri və Moskvada təşkil olunmuş 10-cu Regionlararası Forumun əhəmiyyətini də xüsusi vurğulayıb.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov ölkəmizə səfər çərçivəsində keçirilən görüşləri yüksək qiymətləndirib. Bildirib ki, bu cür tədbirlər ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm töhfədir.
Görüşdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, Mədəniyyət naziri Əbülfəs Qarayev, digər rəsmi şəxslər iştirak ediblər.