Sumqayıt Dövlət Dram Teatrında çoxsaylı maraqlı və  xarakterik obrazlar yaratmış Xalq artisti Svetlana Həkimovanın 80  illik yubileyi qeyd olunub.

Yanvarın 24-də keçirilən tədbirdə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov sənətkarı yubileyi münasibətilə təbrik edib, xoş arzularını bildirib.

Direktor müavinləri – Əməkdar artist Vidadi Məmmədov, Maya Məmmədova, quruluşçu rejissor, Əməkdar artist Namis Şirməmmədov, Əməkdar artist İlahə Səfərova və digər həmkarları çıxışlarında S.Həkimovanın teatrda, televiziya tamaşalarında, eləcə də şəhərin mədəni-kütləvi tədbirlərində canlandırdığı obrazları xatırladıblar, aktrisanın ifa tərzindən, improvizə qabiliyyətindən bəhs ediblər.

Qeyd olunub ki, Svetlana Həkimovanın “Solğun çiçəklər”də Sara, “Qaraca qız”da Gülpəri nənə kimi obrazları bu gün də tamaşaçıların yaddaşında qalır.