Ötən əsrin ikinci yarısı Azərbaycan memarlığında və şəhərsalmada mühüm mərhələ hesab edilir. Bu dövrdə diqqətəlayiq layihələri ilə paytaxt Bakının və digər şəhərlərin memarlıq baxımından inkişafında xidmətləri olan mühəndis-memarlardan biri də Hənifə Ələsgərov olub.

Hənifə Əlisgəndər oğlu Ələsgərov 1 yanvar 1912-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsinə qəbul olunur. 1936-cı ildə təhsilini başa vurub “Azərdövlətlayihə” İnstitutunun Şəhərlərin baş planları şöbəsində memar kimi fəaliyyətə başlayır. Gəncə, Yevlax, Şəki, Xaçmaz, Naxçıvan şəhərlərinin baş planlarının hazırlanmasında iştirak edir. Üç ildən sonra həmin şöbənin rəhbəri təyin edilir. O, hazırlanan baş planlarda şəhərlərin gələcək küçə və meydanlarının bütöv ansamblının həcm-məkan həllini, memarlığını daha aydın görürdü. Zaqatala şəhərinin baş planı memarın fəaliyyətində əsas yer tutur. Həmin plan bu gün də şəhərin inkişafında əsas sənəd olaraq qalmaqdadır.

Böyük Vətən müharibəsi başlananda Hənifə Ələsgərov da cəbhəyə gedir. Şərəfli döyüş yolu keçən mühəndis-kapitan ikincidərəcəli “Vətən müharibəsi”, “Şərəf nişanı” ordenləri və medallarla vətənə dönür. Sonra sevdiyi işinə qayıdır.

H.Ələsgərov 1948-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Memarlıq İdarəsinin rəis müavini, sonra Dövlət Tikinti Komitəsinin sədri təyin olunur. Eyni zamanda layihələndirmə və tikinti işlərini davam etdirir. 10 il ərzində Azərbaycanda şəhərsalma, tarixi və memarlıq abidələrinin öyrənilməsi, qorunması və bərpası işlərinə rəhbərlik edir. Memarın səyi nəticəsində bu sahədə bərpa emalatxanaları yaradılır. Mütəxəssisin ən maraqlı işlərindən biri paytaxtımızdakı Nizami meydanının yenidən qurulmasıdır. Bundan əlavə, o, Gəncə Toxuculuq kombinatının (1956), Şuşada mehmanxana və pansionatın (1960), Bilgəhdə müalicə-məişət korpusunun (1961), Bakıda Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu tədris korpusunun (1966) layihəsini işləyib hazırlayır.

H.Ələsgərov 1965-ci ildə Bakı şəhərinin baş memarı təyin edilib. Onun bu yüksək vəzifədəki əsas fəaliyyəti paytaxtın yeni baş planının işlənib hazırlanmasını, kiçik formalı layihə və memarlıq tikililərinin bədii səviyyəsinin yüksəldilməsini, onların inşaat strukturunda yerləşdirilməsini, küçə və meydanların gecə işıqlandırması və digər məsələləri əhatə edirdi. 1973-cü ilə qədər Bakı şəhərinin baş memarı vəzifəsində çalışan mütəxəssis metronun “Qara Qarayev” stansiyasının (1972, Ələsgər Hüseynovla birgə) layihəsini verib.

Fəaliyyəti hökumət tərəfindən yüksək qiymətləndirilən memar 1972-ci ildə SSRİ Dövlət mükafatına, 1976-cı ildə isə respublika Dövlət mükafatına, Əməkdar inşaatçı fəxri adına layiq görülüb.

Uzun müddət Azərbaycan Memarlar İttifaqının məsul katibi, bu təşkilatın İdarə heyətinin üzvü olan H.Ələsgərov SSRİ Memarlar İttifaqının V qurultayında həmin qurumun Rəyasət heyətinə üzv seçilib.

Görkəmli memar fəaliyyət göstərdiyi sahə üzrə araşdırmalar aparıb, 50-dən çox məqalə, kitab və kitabçanın müəllifi kimi tanınıb.

Hənifə Ələsgərov 29 aprel 1991-ci ildə vəfat edib. Bakının mərkəzi küçələrindən biri onun adını daşıyır. 

Savalan FƏRƏCOV