AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun 2019-cu ildə nəşr olunan kitabları Milli Kitabxanaya təqdim edilib.
Yanvarın 29-da bununla bağlı keçirilən mərasimdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov ölkəmizin elm müəssisələrinin nəşrlərinin mütəmadi olaraq kitabxanaya təqdim edilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirib ki, Tarix İnstitutunun nəşr etdiyi kitablarda Azərbaycan tarixinin bu günə kimi yazılmayan bir çox həqiqətləri, reallıqları öz əksini tapıb. İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə dair fundamental əsərlər erməni saxtakarlarına tutarlı elmi cavabdır. Bu gün Tarix İnstitutunun nəşrləri türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunur. Milli Kitabxana həmin nəşrləri ölkəmizin tarixini təbliğ etmək məqsədilə dünyanın aparıcı kitabxanalarına, universitetlərinə – ABŞ-ın Konqres Kitabxanasına, Kaliforniya Universitetinə, İngiltərə, Avstriya, Estoniya, Latviya, Polşa, Rusiya və digər ölkələrin milli kitabxanalarına göndərilməsini həyata keçirəcək.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında diqqətə çatdırıb ki, 2019-cu ildə elmi müəssisədə 43 adda yeni kitab nəşr olunub. “Azərbaycan Xalq Cümhuriyyətinin siyasi sistemində partiyalar və parlament (1918-1920)” (rus dilində), İrəvan xanlığının tarixinə dair 4 adda broşür (ispan və ərəb dillərində), “Real tarix və “Böyük Ermənistan” uydurması” (türk, ərəb və fransız dillərində), “Azərbaycanın Şəki bölgəsi 1917-1920-ci illərdə”, “Azərbaycanın Zəngəzur bölgəsi 1918-1920-ci illərdə”, “Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)” və digər kitablar çapdan çıxıb.
Tədbirdə daha sonra Tarix İnstitutu ilə Milli Kitabxana arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, müştərək elmi əsərlər çap ediləcək, birgə elmi layihələr və elmi tədbirlər həyata keçiriləcək, qarşılıqlı olaraq elektron kitabxana şəbəkəsindən istifadə ediləcək. Azərbaycan Milli Kitabxanası Tarix İnstitutunun nəşrlərini dünyanın aparıcı kitabxanalarına göndərilməsini həyata keçirəcək.
Tarix İnstitutunun şöbə müdirləri Güntəkin Nəcəfli, Şahin Fazil, aparıcı elmi işçilər Kamran İsmayılov, Rəşad Mustafa çıxış edərək son illər ərsəyə gələn elmi araşdırmalardan söz açıblar. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü və tarixçilərə çağırışı əsasında 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. İnstitutun zəngin arxiv fondu var. Elmi müəssisəyə Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən minlərlə arxiv sənədi gətirilib.
Lalə AZƏRİ