Dünya şöhrətli fransız ədibi Viktor Hüqo 1829-cu ildə işıq üzü görmüş “Ölüm məhbusunun son günü” romanının müqəddiməsində yazır: “Əsərin yazılmasında məqsəd ölüm cəzasının ləğv olunması barədə hüquq sistemi qarşısında vəsatət qaldırmaq, bu problemin həllinə yardımçı olmaqdır”.

Müqəddimədə qeyd olunduğu kimi, yazıçının əsas məqsədi edam cəzasının faciəvi gerçəkliyini göz önünə sərməkdir. Edam, sadəcə məhkum üçün deyil, eyni zamanda onun yaxınları üçün də bir faciə xarakteri daşıyır. Olduqca təsirli məzmuna malik olan əsər, xüsusən də məhkumun kiçik qızı ilə olan görüş səhnəsi insanı həyat haqqında yenidən düşünməyə vadar edir.

Əvvəllər oxuduğum bu əsərdə belə bir fikir diqqətimi cəlb etmişdi: “Əslində, hər kəs günü naməlum bir ölümün məhkumudur. Lakin öləcəyimiz anı bilmək hətta ölümün özündən belə daha qorxuncdur”.

Yanvarın 29-da Müstəqil “Şah Mat” Teatrı tərəfindən V.Hüqonun məşhur əsərinin motivləri əsasında hazırlanan “Edama məhkumun son günü” adlı monotamaşa oynanıldı.  Tamaşa Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində nümayiş olundu.

Teatrın mətbuat xidmətinin rəhbəri Turan Etibaroğlu nümayişdən öncə səhnə əsəri haqqında məlumat verdi, tamaşanın psixoloji dram janrında hazırlandığını dedi.

Sonra tamaşa təqdim olundu. Səhnə əsərini izləyərkən dərin düşüncələrə qərq olmamaq qeyri-mümkündür. Pyesin uğurlu səhnə həlli, aktyorun şövqlü ifası tamaşaçıları da razı salmışdı və bu məmnuniyyət onların alqışları ilə isbat olunurdu.

Yoxsul bir kişi xəstə qızına çörək oğurlayanda istəmədən birini öldürür və onu həbs edirlər. Məhkəmə tərəfindən barəsində ölüm hökmü çıxarılır. O, ölümə gedən yolda hansı hissləri keçirdiyini izləyiciyə danışır. Sonda isə onu edam edirlər. Lakin məhbusu daha çox incidən bu cür rəzil qanunlardır. Bu hallar insana fiziki ağrılardan daha çox mənəvi əzab verir. Obrazın dili ilə desək, fiziki ağrılar, mənəvi ağrıların yanında heç nədir. 

Qeyd edək ki, tanınmış şair Salam Sarvanın tərcüməsi əsasında hazırlanan monotamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır. Səhnə əsərində teatrın istedadlı aktyoru Anar Bulud çıxış edir.

Nurəddin MƏMMƏDLİ