Mart ayında səhnəyə çıxacaq
Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın məşqləri başlanıb. Teatrın ədəbi-dram hissə rəhbəri Ağaddin Babayevin verdiyi məlumata görə, tamaşa fransız dramaturqu Marsel Berkye-Marinyenin “Oğru” komediyası əsasında hazırlanır.
Kasıb bir fransız ailəsinə xas olan klassik üçlük – ər, arvad və onun məşuqəsi arasındakı münasibətlərdən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
Əməkdar artist Sucəddin Mirzəyevin, Aynur Əhmədovanın, Sayad Əliyevin və Nizami Qurbanovun rol aldıqları tamaşanın martın birinci ongünlüyündə təhvil veriləcəyi nəzərdə tutulub.
A.Babayev bildirib ki, cari mövsümdə teatrda həmçinin Xanımana Əlibəylinin 100 illik yubileyinə töhfə olaraq onun “Ləpələrin nağılı”, türk yazarı Suat Dərvişin “Fosforlu Cevriyyə” və Əli Əmirlinin “Hasarın o üzü” əsərlərinin də səhnələşdirilməsi planlaşdırılıb.