“Fransada boya-başa çatsaq da, özümüzü azərbaycanlı hiss edirik”
Ölkəmizin Parisdəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Caspian Research Center” assosiasiyasının təqdimatı keçirilib.
Assosiasiyanın təsisçiləri Alban Klod, Adela Naibova və Mahir Hüseynovdur. Bu gənclərin məqsədi assosiasiya vasitəsilə ölkəmizi Fransa ictimaiyyətinə, xüsusilə də fransız gənclərə daha yaxından tanıtmaqdır.
Tədbirdə onların oxuduğu ali məktəblərin – Paris Sorbon Universitetinin və Siyasi Elmlər İnstitutunun tələbələri, eləcə də şəhərdə təhsil alan azərbaycanlı tələbələr və diasporumuzun təmsilçiləri iştirak ediblər.
Adela Naibova assosiasiya yaratmaq təşəbbüsünün yaranması, məqsədləri və gələcək fəaliyyətləri haqqında məlumat verib. Bildirib ki, Fransada boya-başa çatsaq da, özümüzü həmişə azərbaycanlı hiss edirik. Məhz bu hisslər onlarda doğma vətənlərini fransız ictimaiyyətinə daha yaxından tanıtmaq istəyi yaradıb.
Alban Klod hazırladığı videomaterial vasitəsilə Azərbaycanın tarixi, coğrafi mövqeyi, ölkəmizin ərazisində olmuş qədim dövlətlər haqqında məlumat verib. Həmçinin Azərbaycanın neft sənayesi, zəngin torpağı və təbiəti haqqında danışıb, Bakının qədimilik və müasirliyin vəhdəti olduğunu diqqətə çatdırıb.
Tədbir iştirakçıları “Caspian Research Center” assosiasiyanın gələcək fəaliyyəti ətrafında fikir mübadiləsi aparıblar.