Azərbaycanın Xalq artisti Dinara Əliyeva Rusiya Dövlət Akademik Böyük Teatrında “Bal-maskarad” opera tamaşasında səhnəyə çıxacaq.

Cüzeppe Verdinin üçpərdəli “Bal-maskarad” operası martın 25-dən 29-dək nümayiş etdiriləcək.

Teatrın saytında verilən xəbərə görə, 26 və 28 mart tarixində səhnə əsərində Ameliyanın partiyasını Dinara Əliyeva (soprano) ifa edəcək.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. Dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edir. 2015, 2017 və 2019-cu illərdə Moskvada Dinara Əliyevanın təşəbbüsü ilə “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.

Fevralın 11-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

Baletdə Azərbaycanın Əməkdar artisti Timur Əsgərov şahzadə Ziqfrid obrazını canlandıracaq.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariinsk Teatrının truppasında fəaliyyət göstərir.