Konsert proqramı ustad xanəndə Əlibaba Məmmədovun 90 illiyinə həsr olunmuşdu

Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edildi. Layihənin budəfəki konserti Xalq artisti, görkəmli xanəndə Əlibaba Məmmədovun 90 illiyinə həsr olunmuşdu.

Konserti izləyənlər sırasında Azərbaycan Respublikası Prezidenti Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və tanınmış incəsənət xadimləri var idi.

Konsertdən əvvəl Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova layihənin əhəmiyyəti və ustad xanəndənin yaradıcılığı ilə bağlı fikirlərini bölüşdü. O, muğam sənətimizin təbliğində dövlətin müstəsna qayğısını qeyd edərək yeni ifaçılar nəslinin yetişməsində konservatoriyanın professor və müəllim heyətinin rolundan söz açdı. Vurğulandı ki, artıq yeddinci dəfə keçirilən “Gəncləşən muğam” layihəsi bu sahənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Lalə Hüseynova layihənin növbəti konsertini Əlibaba Məmmədovun 90 illiyinə hədiyyə kimi səciyyələndirərək ustad xanəndənin Milli Konservatoriyada müəllimlik fəaliyyətindən də söz açdı. Bildirdi ki, o, pedaqoji fəaliyyəti dövründə Azərbaycan muğam sənətinə neçə-neçə görkəmli xanəndə bəxş edib: “Əlibaba Məmmədovda ustada layiq olan bütün keyfiyyətlər var. O öz avazı, öz yolu, öz dəst-xətti olan sənətkarlardan biridir və bənzərsiz ifa tərzi ilə muğam sənətinə təravət və gözəllik gətirib. Bu gün sənətdə ilk addımlarını atan gənclər ondan çox şey öyrənməlidirlər”.

Layihənin rəhbəri Xalq artisti, professor Mənsum İbrahimov diqqətə çatdırdı ki, Əlibaba Məmmədovun keçdiyi zəngin sənət yolu, muğama olan sevgisi hər birimiz üçün örnəkdir. Layihənin reallaşmasına dəstək göstərən Mədəniyyət Nazirliyinə, Milli Konservatoriyaya, Beynəlxalq Muğam Mərkəzinə təşəkkür edən Mənsum İbrahimov növbəti illərdə də onun uğurla davam etdiriləcəyini bildirdi. Qeyd edildi ki, “Gəncləşən muğam”ın əhatə dairəsi ildən-ilə genişlənir. 2005-ci ildən həyata keçirilən layihə çərçivəsində təşkil olunan ötən altı konsert onlarla istedadlı ifaçının tanınmasına təkan verib. Layihənin başlıca məqsədi gənc istedadlara dəstək olmaq, böyük səhnədə ilk addımlarını atmaqda, daha da tanınmaqda onlara yardım göstərməkdir.

Sonra ustad xanəndənin bəstələdiyi “Min yaşasın”, “Söylə”, “Mənim alagöz yarım”, “Gəl bizə, yar”, “Şadlanasan, güləsən”, “Səni gözlə” və “Ürəyim” mahnıları Nurlan Namazov, Gülzar Fərəcova, Ramiq Bayramov, Sədəf Budaqova, Orxan Hüseynli, Mehranə Məmmədli, Elgiz Əliyev, Almaxanım Əhmədli, Xətai Hacıyev, Günay İmamverdiyeva və digər gənc xanəndələrin ifasında səsləndi.

Konsertin yekununda layihənin bütün iştirakçıları Əlibaba Məmmədovun müəllifi olduğu “Ürək deyir yaşa hələ” mahnısını birgə ifa etdilər. Konsert proqramı alqışlarla qarşılandı.

Lalə AZƏRİ