Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 2 fevral – Gənclər Gününün qeyd olunması haqqında sərəncamına, həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən 1-5 fevral 2020-ci il tarixində ənənəvi “Gəncliyin səsi” festivalı keçirilir.
Fevralın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gəncliyin səsi” festivalının açılış mərasimi oldu.
Filarmoniyanın foyesində Mədəniyyət Nazirliyi şəbəkəsində fəaliyyət göstərən incəsənət məktəbləri və dərnəklərin şagirdlərinin işlərindən ibarət sərgi təşkil olunmuşdu. Mədəniyyət naziri Əbülfəs Qarayev və qonaqlar gənclərin hazırladığı zərgərlik nümunələri, şəbəkə üslubunda oyma, rəssamlıq və tətbiqi sənətin müxtəlif növlərində əl işləri ilə tanış oldular.
Açılış mərasimində çıxış edən nazir Əbülfəs Qarayev hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışdı. Bildirdi ki, 1996-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublika gənclərinin birinci forumunun çağırılması istedadlı, açıqfikirli və yeni ideyalı gənclərin qarşısında yeni üfüqlər açdı. Ümummilli lider tərəfindən 2 fevral tarixinin “Azərbaycan Gəncləri Günü” elan edilməsi onun gənclərimizə sevgi və diqqətinin bariz nümunəsi idi.
Heydər Əliyev Azərbaycanın gənclər hərəkatının formalaşdırılmasına böyük diqqət yetirirdi: “Hər il Gənclər Günü ölkəmizdə rəngarəng tədbirlərlə qeyd edilir, sərgilər, müsabiqələr təşkil olunur. Amma bu o demək deyil ki, biz yalnız həmin gün gənclərin fəaliyyətinə diqqət edirik. Biz bu gün sadəcə ötən ilə nəzər salıb, görülmüş işləri dəyərləndirir, yeni ideyaların meydana gəlməsinə şərait yaradırıq”.
Festivalda ölkəmizin regionlarından da gənclərin iştirak etdiyini deyən nazir bildirdi ki, təqdim olunacaq proqram gənclərimizin yaradıcılıq mənzərəsini ortaya qoyacaq: “Biz gənclərə gələcəyin formalaşdırılmasında öz yaradıcı potensiallarını nümayiş etdirmələrinə şərait yaratmalıyıq. Buna görə də müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanmış gənclərin mükafatlandırılması, istedadlı gənclərin beynəlxalq festival və müsabiqələrdə iştirakı həmişə dövlət tərəfindən dəstəklənir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr gənc nəslin hərtərəfli inkişafına stimul verir. Sevindirici haldır ki, yaradıcı gənclərimizin fəaliyyəti diqqətdən kənarda qalmır. Mədəniyyət Nazirliyinin tabeliyindəki yaradıcı təşkilatlarda gənclərin fəaliyyətinə xüsusi diqqət yetirilir. Müxtəlif müsabiqələr, təqdimatlar, yeni layihələr həyata keçirilir”.
Əbülfəs Qarayev “Gəncliyin səsi” festivalının əhəmiyyətini vurğulayaraq bu layihənin gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıdığını bildirdi. Qeyd etdi ki, builki festival çərçivəsində də mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin keçirilməsi nəzərdə tutulur: “Bugünkü tədbir də ölkə rəhbərliyinin gənclərlə bağlı həyata keçirdiyi siyasətin daha bir təcəssümüdür. Ulu öndər Heydər Əliyev gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Onun əsasını qoyduğu siyasət bu gün dövlət başçısı tərəfindən uğurla davam etdirilir. Bu istiqamətdə dövlət proqramları icra olunur, gənc mütəxəssislər idarəetmədə rəhbər vəzifələrə təyinat alırlar”.
Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edildiyini diqqətə çatdıran nazir dedi ki, könüllülərin böyük əksəriyyətini gənclər təşkil edir. Onlar ölkəmizin inkişafına öz töhfələrini verirlər: “İstedadlı, bacarıqlı gənclərimiz üçün bütün qapılar açıqdır. Oxuyun, işləyin, yaradıcılıqla məşğul olun və Azərbaycanın adını uca tutun. Siz dövlət başçısının çağırışlarına bacarığınız və Vətənə sevginizlə cavab verirsiniz. Bu yolda sizə uğur arzulayıram. Bu yolda sizə dayaq olan Azərbaycan dövləti var olsun! Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın dünya miqyasında tanıdılmasında mühüm işlər görürlər və bu siyasət uğurla davam etdirilir. Biz də öz sahəmizdə var gücümüzlə bu siyasətə dəstək verməyə çalışırıq”.
Daha sonra 2019-cu ildə uğurlu fəaliyyətinə görə seçilən bir qrup istedadlı gənc Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edildi.
Festivalın açılış mərasimi konsert proqramı ilə davam etdi. Musiqi məktəbləri şagirdlərinin ifasında təqdim olunan konsert proqramı alqışlarla qarşılandı.
LALƏ