“Bu gün sərgilənən əsərlər gənclərin yaradıcı təxəyyülünün zənginliyini, mövzu rəngarəngliyini, özlərinə məxsus sənət duyumlarını əks etdirir. Nümayiş olunan əsərlər eyni zamanda gənclərin qədim və zəngin mədəni irsimizə maraq və sevgisinin göstəricisidir”.
Mədəniyyət naziri Əbülfəs Qarayev bu fikirləri fevralın 3-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gəncliyin səsi” festivalının açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, sərgidə Mədəniyyət Nazirliyi şəbəkəsində fəaliyyət göstərən incəsənət məktəbləri və dərnəklərin şagirdlərinin işləri yer alıb. Gənclərin hazırladığı zərgərlik nümunələri, şəbəkə üslubunda oyma, rəssamlıq və tətbiqi sənətin müxtəlif növlərində əl işləri ilə böyük maraq doğurur.
Əbülfəs Qarayev vurğulayıb ki, ölkə rəhbərliyinin gəncliyə göstərdiyi diqqət və qayğı onların fəaliyyətini daha da stimullaşdırır, yeni uğurlara ümidləndirir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr gənc nəslin hərtərəfli inkişafına stimul verir. Yaradıcı gənclərimizin fəaliyyəti diqqətdən kənarda qalmır, o cümlədən Mədəniyyət Nazirliyinin tabeliyindəki təşkilatlarda gənclərin fəaliyyətinə xüsusi diqqət yetirilir.
Nazir qeyd edib ki, bu gün incəsənət və musiqi məktəblərinin fəaliyyəti təkmilləşdirilir, maddi-texniki bazası möhkəmləndirilir: “Bu məktəblərin məzunları ölkəmizin incəsənətinin simaları olmaqla beynəlxalq müsabiqələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Hazırda izlədiyimiz bu əsərlər onu göstərir ki, gənclərimiz arasında gələcəyin məşhur təsviri sənət ustaları yetişir”.