Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin müəllim və şagirdləri tərəfindən YARAT Müasir İncəsənət Məkanında “Könüllülər ili”nə həsr olunmuş “Nağıl dolu dünya” adlı konsert-tamaşa təqdim edilib.
Konsert-tamaşanın bədii rəhbəri – məktəbin direktoru, Əməkdar müəllim, professor Adilə Yusifova deyib: “Hər xalqın öz nağılları var. Səhnələşdirdiyimiz konsert-tamaşa keçmiş və gələcəyimizlə, xalq musiqimiz və bəstəkar əsərlərimizlə sıx bağlıdır”.
Tariximizlə bağlı olan birinci nağılda rəqs edən şagirdlərin ifasında sanki Qobustanda qayaüstü təsvirlər canlanır, nağaraçıların ifasında “qavaldaş” səslənir.
Nənənin nəvələri ilə dialoqundan ibarət olan ikinci nağıl Qara Qarayev musiqisinə həsr olunub. Q.Qarayevin ev-muzeyində olan nəvələr nənə ilə öz təəssüratlarını bölüşüblər. Onlar “Don Kixot” simfonik qravüralarından, “İldırımlı yollarla” və “Yeddi gözəl” baletlərindən parçalar ifa ediblər. Üçüncü nağılda şagirdlərin ifasında xalq mahnıları, rəqs nümunələri və instrumental parçalar səslənib. Doğma yurdumuza həsr olunan dördüncü nağılda isə şagirdlər Azərbaycana olan sevgilərini musiqinin dili ilə təqdim ediblər.
Konsert-tamaşa maraqla qarşılanıb.