Bir gün kitablarının arasına dalıb, təkliyinin səadətində xoşhallanan Ezopun yanına bir nəfər gəlir və irişərək “Nə qədər belə tək oturmaq olar” deyə soruşur. Arzuolunmaz qonağın sualına “Mən tək deyildim. Amma sən içəri daxil olandan sonra nə qədər tək olduğumu anladım” cavabını verir.
Nə bilim, bəlkə elə biz tək-tənha, hamıdan uzaqda, ayrı olanda xoşbəxt oluruq. Məsələn, kimsə Robinzon Kruzonun təklikdə özünü bədbəxt hissi etdiyini sübut edə bilər? Hər halda insan yalnızlığa qaçdıqca özünü tanımağa, özünü tanıdıqca da digərlərindən fərqli olduğunu anlamağa başlayır. Bax, bu özünüdərkdə ifrat fədakarlıq və bu fədakarlığın içində gizlədiyi qorxaqlığı ona mane olur. Xoşbəxt olmaq heç, adam kimi yaşamağa, adi ehtiyaclarını ödəməyə də...
Fevralın 1-də qışın bozarmış havasında üşüyən sənətsevərlər dəstə-dəstə Dövlət Kukla Teatrına toplaşdılar. Səbəb isə möhtəşəm və arzulanan idi: pantomima ustası olmasına, çoxsaylı tamaşaçıları məhz bu janrda yaratdığı obrazlarına görə cəlb etməsinə rəğmən, illərdir bu üslubda tamaşada oynamayan, bəlkə də istəməyən Xalq artisti Pərviz Məmmədrzayev, nəhayət, mimləri ilə qurmuş olduğu “Mənim”ində “danışacaqdı”.
Pantomim üslubda hazırlanmış “Mənim” psixoplastik tamaşası müstəqil “Human” teatrının növbəti səhnə işidir. Tamaşa Mədəniyyət Nazirliyinin müstəqil teatrlara dəstək layihəsi çərçivəsində nümayiş olundu.
Yeni səhnə nümunələri hazırlamaqla müasir tamaşaçılara fərqli sənət estetikalarını təqdim etməyə çalışan müstəqil teatrlar arasında “Human”ın öz yeri var. Çünki peşəkarların və tamaşaçını duyan, onun səhnəyə ötürdüyü emosional yükü çəkə bilənlərin məkanıdır.
Elə quruluşçu rejissoru da Pərviz Məmmədrzayev olan tamaşa səfil bir insanın həyat tərzindən bəhs edir. Hadisələr zibillikdə cərəyan edir. Hamının uzaqdan zibil paketlərini tullayaraq burnunu tutub qaçdığı üfunət içində xoşbəxt bir səfil var. Dünya xəritəsindən çətir düzəldib özünü dünyanın mərkəzində hiss edəcək qədər xoşbəxt. Yağışın kəsməsi ilə günəbaxan kimi günəşə açılan, onun şəfəqlərində bütün kirindən təmizləndiyini zənn edən xoşbəxt səfil usanmadan eyni hərəkətləri təkrarlayır. Hər səhər skripka qutusunda qoruduğu süpürgəsi ilə yan-yörəsini təmizləyir, üst-başını çırpır və beləcə, ikrah nəzərlərdən silkinib xoşbəxt olur.
Nə qədər gözəl adamdı. Hər yeni zibilin içində qurdalandıqca nə isə tapır və tapdığına min kərə şükür edir. Sınıq kətil, dəlik təknə, döşəməsilən... Burada tapdığı köhnə palto, yırtıq ayaqqabılar, nimdaş şalvar... ilə ən yaraşıqlı kişiyə döndüyünü zənn edir...
Ta o vaxta qədər ki, Adəm övladı olduğuna inanan və inandıqca da bu vəhşiləşmiş ikiayaqlıya qorxu və sevgi qarışıq itaət edən qonşusu peyda olur. Bəli, o, gəlişi ilə səfilin tikəsinə, sığınacağına, zibilliyinə, havasına, suyuna, arzularına da şərik olur. Bircə xəyallarına toxuna bilmir. Və beləcə, adam olmağın əzabını çəkən, hisslərində humanizmini, çirkabında alicənablığını, kirlənmiş üz-gözündə işığını itirməyən adam sonda hər şeyə, hamıya, hər yana, hətta ona da “Mənim” deyən canlıdan qurtulmaq üçün uzağa, olmayan ünvana, çəhrayı xəyallarına doğru qaçır. Son nəfəsini belə dərmədən, gülüşünü itirmədən, sevincini boğmadan...
İstər ideya və quruluş forması, istərsə də aktyor oyunu baxımından gözəl tamaşa idi. Doğrudur, uzun fasilə qocaman mimçini bir az yordu. Daha doğrusu, müəyyən məqamlarda emosional bənzərliklər, mim və jestlərdəki eyniyyət, xüsusən tamaşanın əvvəlindəki cansıxıcı səliqəsizlik, oyun forması ilə üst-üstə düşməyən boşluğu doldurmaq cəhdləri gözdən yayınmadı. Amma qısa zamanda təcrübə və zalın reaksiyasına usta uyğunlaşma sayəsində vəziyyəti ələ aldı və biz susqunluğu üçün darıxdığımız, üz-gözündə uzun söz-söhbətləri eşidib-oxuduğumuz Pərvizi gördük.
İki aktyorun pantomima oyunu olan “Mənim”də hər şeyə mənimdir deyən Elgün Həmidov da maraqlı idi. Yuğ teatrından tanıdığımız, ilk dəfə pantomima tamaşasında gördüyümüz Elgün aktyor keyfiyyətlərinin səssiz tərəflərini də ustalıqla göstərdi.
Xatırladaq ki, “Human” teatrı 2017-ci ildə Pərviz Məmmədrzayev və kinoaktyor Şamil İbrahimov tərəfindən təsis edilib.
HƏMİDƏ