Kukla teatrının repertuarına bu ilin yanvarından daxil olan “Yeddi nar çubuğu” tamaşası fevralın 8-də növbəti dəfə nümayiş etdiriləcək.
İbrətamiz məişət nağıllarımızdan olan “Yeddi nar çubuğu”nun motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur. Əməkdar artist Qurban Məsimovun quruluş verdiyi səhnə əsərində fərqli kukla texnikalarından istifadə olunub. Obrazları əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandırır. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.
Qeyd edək ki, səhnə əsəri “ITALDIZAIN” şirkəti və Fransanın Bakıdakı “Cartier zinət evi”nin dəstəyi ilə ərsəyə gəlib.