Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, professor Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın “Eşq və Ölüm” baleti nümayiş olunub.
“Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında qələmə alınan balet əbədi məhəbbəti tərənnüm edir, qəhrəmanların şücaət və igidliyi qarşısında ölümün gücsüz olduğunu nümayiş etdirir. Səhnə əsəri rusiyalı xoreoqraf Nadejda Malıginanın quruluşunda təqdim edilib. Tamaşanı teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib.
Əsas partiyaları əməkdar artistlər Cəmilə Kərimova (Baycan), Makar Ferştandt (Yalıncıq), Samir Səmədov (Məlik xan), Xalq artisti Gülağası Mirzəyev (Qazan xan), solistlər Timur Oduşev (Azər), Ayan Eyvazova (Ölüm) ifa edib.
Balet ilk dəfə Azərbaycan Dövlət Opera və Balet Teatrında 2005-ci ildə Vyana Balet Akademiyasının professoru Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Səhnə əsəri həmin il – Moskvada Akademik Böyük Teatrda və Sankt-Peterburqun Mariinsk Teatrının səhnəsində də təqdim olunub.