Dahi bəstəkar Qara Qarayevin xatirəsi Milli Kitabxanada da yad edilib. Kitabxananın direktoru, professor Kərim Tahirov bəstəkarın həyat və yaradıcılığı haqqında söhbət açıb.
Bildirib ki, xalqımız öz istedadlı oğlu Qara Qarayevi hər zaman qürur hissi ilə anır. Qara Qarayev Azərbaycanı dünyaya tanıdan nadir şəxsiyyətlərdən biridir. O, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında, milli musiqi təfəkkürünün formalaşmasında, Azərbaycan musiqisinin dünya musiqi mədəniyyəti ilə əlaqəli şəkildə inkişafında misilsiz xidmətlər göstərib. Bəstəkarın “İldırımlı yollarla” baletində, “Alban” rapsodiyasında, “Leyli və Məcnun” simfonik poemasında, “Yeddi gözəl” baletində, digər əsərlərində, tamaşa və filmlərə yazdığı musiqilərdə millilik duyulur.
Vurğulanıb ki, Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi böyük bəstəkarlardan dərs alan Qara Qarayev musiqi mədəniyyətimizin tarixində yeni cığır açıb və görkəmli bəstəkarlar yetişdirib.
Sonra tədbir iştirakçıları bəstəkarın not-musiqi əsərləri, Azərbaycan və xarici dillərdə haqqında yazılmış kitablar və dövri mətbuat materiallarından ibarət “Unudulmaz bəstəkar Qara Qarayev” adlı geniş kitab sərgisi ilə tanış olublar.