Fevralın 5-də Beynəlxalq Muğam Mərkəzində “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində aşıq Cahangir Sənanoğlunun ifasında “Aslan şahla İbrahimin dastanı” təqdim olunub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli layihə haqqında məlumat verib. Bildirib ki, AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə əməkdaşlığı ilə layihə artıq ikinci ildir davam edir: “Layihədə məqsədimiz aşıq sənətini təbliğ etmək və onu sevdirməkdir. Ötən əsrin 80-ci illərində fəaliyyət göstərən bir çox görkəmli aşıqların ifaları, söylədikləri dastanlar televiziya məkanında qorunub saxlanılır. Təəssüflər olsun ki, son zamanlar bu sənətə maraq azalıb. Biz bu layihədə aşıqların ifasında dastanları tamaşaçılara yenidən təqdim etməyə çalışırıq”.
Qeyd edilib ki, son iki ildə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində 8 dastan təqdim olunub. Tanınmış aşıqlardan Qələndər Zeynalov, Cahangir Sənanoğlu, Əşrəf Qəriboğlu və digər ustadlar sazla tamaşaçıların görüşünə gəlib. Layihə çərçivəsində Şirvan və Qərb bölgəsinin, eləcə də qadın aşıqlarımızın ifaları da dinlənilib.
Sonra aşıq Cahangir Sənanoğlu “Aslan şahla İbrahimin dastanı”nı söyləyib.