Dahi bəstəkar, görkəmli pedaqoq, ictimai xadim, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 102 illiyi ilə bağlı fevralın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) konfrans keçirildi.
Tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə giriş sözündə Qara Qarayevin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi töhfələrindən bəhs etdi. Bildirdi ki, ülvi tellərlə milli köklərə bağlı olan bəstəkar Azərbaycan musiqisinin gələcək inkişafını təmin edən şəxsiyyətlərdən idi: “Bu gün səhər Fəxri xiyabanda Qara Qarayevin məzarını ziyarət etdik. Bir az əvvəl isə ev-muzeyinə toplaşmışdıq. Bunların hamısı onun əziz xatirəsinə həsr olunan tədbirlərdir. Onun bəstəkarlıq məktəbi, məqalələri, ictimai fəaliyyəti yeni araşdırmaların mövzusu ola bilər. Dahi insanların gördüyü işlər əbədiyaşardır. Ona görə də Qara Qarayevin həyat və fəaliyyəti bizim üçün örnəkdir. Onun yüksək insani keyfiyyətləri, istedadı musiqimizin gələcəyinə işıq tutur. O, yaradıcı həyatını Azərbaycan musiqisinin inkişafına həsr edib, muğamlarımızı, aşıq sənətimizi dərindən mənimsəyərək mükəmməl məqalələr yazıb. Qara Qarayevin tələbələri olaraq onun qoyduğu şərəfli yolla gedirik”.
ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova “Qara Qarayev haqqında nəşr olunan yeni kitablar” mövzusunda çıxış etdi. Bildirdi ki, musiqişünaslarımız böyük bəstəkarın yaradıcılığına hər zaman maraq göstəriblər, onun haqqında monoqrafiyalar, dissertasiyalar yazılıb. Təsadüfi deyil ki, Azərbaycan musiqişünaslığında ayrıca Qarayevşünaslıq istiqaməti yaranıb.
Tədbirdə daha sonra Əməkdar incəsənət xadimi Elnarə Dadaşova “Qara Qarayevin estetik baxışları”, Əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva “Xatirələrdə yaşayan dahi sənətkar”, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Qara Qarayevin ev-muzeyi”, professor Cəmilə Həsənova “Qara Qarayevin pedaqoji prinsipləri” mövzusunda məruzələrlə çıxış etdilər.
Çıxışlardan sonra musiqi nömrələri təqdim edildi. Xalq artisti Gülnaz İsmayılovanın ifasında dahi bəstəkarın “Gürcüstan təpələrində”, “Mən sizi sevirdim” romansları dinlənildi. Bəstəkarın piano üçün 2 prelüdü, violin və piano üçün sonatası, Azər Dadaşovun Qara Qarayevə “İthaf”ı səsləndirildi.
Savalan FƏRƏCOV