Kloun olmaq istəməsək də…

 

Hələ o, elanı oxuyub gəlibsə... deməli, düz oxumayıb.

Pah, o elanda oxumalı nə var e? Yazılıb ki, qoca kloun tələb olunur və görüş saat altıdadır.

Belə çıxır ki, düz oxumayıb da. Sən başa düşmədin? Orada qoca kloun tələb olunur. Axı bunun nəyi qocadır? Bir  ayağı burda, o biri ayağı gordadır. Bu, əslində, əntiq kloundur, Nuh əyyamından qalma...

Yox, onlardan fərqli olaraq biz doğru ünvana gəlmişik. Qəşəng də bir səbəbimiz var. İddialı və istedadlı rejissor Mikayıl Mikayılov gözəl, bacarıqlı və səhnə üçün hər zaman maraqlı üç qadını “qocaldıb”. Özü də gərəksiz, bitkin, miskin yaşlı klounlara çevirməklə.

Yol bizi Yuğ teatrının müvəqqəti məkanına – Dövlət Kukla Teatrının kiçik səhnəsindəki məşq prosesinə apardı. Gəlişimizin fərqində olanlar – quruluş heyəti və aktyorlar – şövqlə məşq prosesini davam etdirirlər. Gah rejissorun, gah da tərəf-müqabillərinin əlavə və düzəlişləri ani fasilələr yaratsa da, sürətli, bir növ, axıcı məşq izləmiş olduq. Təbii ki, bu da rejissorun hələ əsərin oxunuş mərhələsində mizan və aktyor texnikası tələblərini doğru təyin etdiyindən xəbər verirdi.

Mikayıl Mikayılov fərqli teatrlarda quruluş verdiyi maraqlı səhnə işləri, cəsarətli və konseptual yanaşma tərzi ilə tanınan rejissorlardandır. Son zamanlar Rusiya və Qazaxıstan teatrlarında da özünün rejissor bacarığını ortaya qoyub. Hazırda isə yenidən ölkədə, yetişib formalaşdığı Yuğ teatrındadır. Bizi yenidən yuğlamaya, həm də Avropasayağı və bir az da modern tamaşaya dəvət edir.

Əsər seçimi də uğur vəd edir. Rumın dramaturqu Matey Vişnekin yazıldığı vaxtdan etibarən dünyanın əksər teatrlarında müəllifinə və yaradıcı heyətə alqış qazandıran “Qoca kloun tələb olunur” birpərdəli pyesini səhnələşdirir.

Martın ortalarında təqdim olunacağı gözlənilən “Kloun bizzz” tamaşasında Natəvan Qeybani, Zümrüd Qasımova və Təranə Ocaqverdiyeva oynayırlar. Bəli, biz həyat səhnəsinin qaranlığında çapalayan üç qoca klounu bu gözəl üçlüyün ifasında görəcəyik.

Umay Həsənovanın quruluşçu rəssam işini də maraqla gözləməyə dəyər. Çünki rejissorun klounada kimi gördüyü tamaşada bizə həm kloun paltarının altındakı adamların kimliyini gizlətməli, həm də tərtibatın ümumi mistikasını vəziyyətə uyğun həll etməlidir.

Tamaşada qoca klounların dinamik rəqslərini,  tempi saxlamağa hesablanan mizanlara uyğun keçidlərini, vəziyyətə uyğun xoreoqrafik hərəkətlənmələri, retro klounların plastikasını və sondakı ölüm rəqslərini izləyəcəyik. Rejissor müəllifin dramatik sonluğunu da dəyişmək, bir növ mistik, elə həm də nikbin bir nota, ölümə meydan oxumağa kökləməyə çalışıb. Beləcə, Sarı (Natəvan Qeybani), Yaşıl (Təranə Ocaqverdiyeva) və Qırmızı (Zümrüd Qasımova) son şansları olan kloun işini itirmək istəməyən, bitməkdə olan sənət və elə həyat yollarının son kəsişməsində özlərinin sənətkarlıqlarını isbata çalışırlar. Vəhşi mübarizədə isə qalib yenə də o olur – səhnə. Elə qatil və amansız da. Ağrılı, çətin həzm olunan, izləyicisində qərib susqunluq, süstlük yaradan əsərin bu səhnə versiyasını daha oynaq, daha melodik etmək istəyən rejissor rəngli klounlarını tamaşaçının göz yaddaşında da əlvanlaşdırmaq istəyib. Buna isə, təbii ki, müəllif materialından çıxış edərək nail olmaq niyyətindədir. Dramaturqun pyeslərinə xas absurd teatrın, realist teatrın, magik teatrın elementlərini teatrın ümumi metodikası ilə cilalamaqla.

...Səhnənin ortasındakı yan-yana düzülmüş üç kətilin üstündə arxası üstə, lap ölü kimi uzanan kloun “dirildi”. Yerindən sıçrayıb meydan sulamağa başladı. Özünə cavan, sənətkar, ay nə bilim korifey deyən cütlüyə “master-klass” keçəcək kloun fırıltıyla ikilinin üzərinə şığıdı.

Qımırından lap sənətkar ədasında, ustad ovqatındadır. Natəvan Qeybaninin bu klounu bərk qəzəblənib. Üsyan edir. Özü də hamıya. Sənətə, ona dəyər verməyənlərə, sənəti ucuzlaşdıranlara, lap elə xəyanətkar tamaşaçılara. Üsyankar, davakar, bir az da küskün və deyingən Sarı adlı bu qanıqara qoca bütün enerjisi ilə özünü yenidən isbatlamağa çalışır. Özü də alçaltdığı, istedadsızlıqda günahlandırdığı ikiliyə. Çarəsiz, qorxaq, bir az da arsız həmkarları hər vəchlə Sarını inkar edir və onu uzaqlaşdırmağa çalışırlar. Nəticədə hər üçü elanla bağlı gəliblər və hər üçü son ümidləri olan bu qoca kloun işi uğrunda hər şeyə hazırdırlar.

Sarının əzablarından təsirli oyun quran N.Qeybani xəstə, ölümünə çox yaxın kloun kimi obrazını tam ifadə edir: “Mən kiminləsə danışmalıyam. Özümü pis hiss edirəm, ömrümə də az qalıb. Başım da fırlanır, yəqin təzyiqdəndi”, – deyə ləngər vurur və bu ondan nisbətən cavan qocaların çox xoşuna gəlir. Ona görə də qələbə rəqslərini edirlər.

Proses kəsilir və rejissorun “Burada rəqs qarışıb, sinxronluq pozulub. Bax belə (birlikdə oynayırlar) – bam-bam-baram. Davam edək, qızlar” qeydini eşidirik.

Məşqə qaldığımız yerdən davam edirik. Qoca kloun bağırır və tələb edir: “Mən mütləq kiminləsə danışmalıyam”.

Amma onun danışdıqları heç kimin vecinə deyil. İkilini narahat edən onun daha bacarıqlı və tələbkar olmasıdır. Ondan qorxurlar. Sarı “Cəhənnəm sizin yerinizdi. Ordan da qurtula bilməyəcəksiz. Ay bədbəxtlər, at kimi kişnəmək, toyuq kimi qaqqıldamaqdan başqa nə bacarırsınız ki? Yəqin ki, xatırlayırsız. Bacarıqsızlığınıza görə məndən nə qədər qapaz yemisiz, sizə nə qədər təpik ilişdirmişəm. Off, ayaqlarım gizildəyir” deyib kətildən atılmaq istəyərkən rejissor həyəcanla “yox, birbaşa atılma, əzilərsən, əlini dayaq edib tullan” xəbərdarlığını edir.

Davamında “Mən öyrətdim sizə sənətin sirrini. Siz dahi Sarının yanında universitet keçdiniz, kara gəlməyən ədəbsiz südəmərlər. İndi ürəyini sizə yedirmiş bir insanı dolamaq istəyirsiz, murdar həşəratlar” monoloqu izləyirik. “Sən niyə Allahlıq iddiasına düşübsən, Sarı?” deyən Qırmızı bütün hikkəsi ilə tərəf-müqabilinə tərəf irəliləyir. “Bura bax, Sarı, yaddaşın xarab olub a. Sən nə vaxt bizə nə isə öyrətmisən. Sən sürünə-sürünə səhnəyə gələndə biz artıq möhtəşəm nömrələrimizlə alqışlar qazanmışdıq” əlavəsi özündənrazı Yaşıldan gəlir.

Aktrisalar obrazlarının amansız xətlərlə kəsişmələrini elə maraqla ifadə edirlər ki, biz orada müasir səhnə və onun arxa planını da asanlıqla görürük: “Mən Kral Liri oynamışam”, “mən sənətkaram”, “sənətkar yoxdursa, sənət də yoxdur” ...  kimi əndər etiraflar, sənətkar bəyanatları qulaq dəlir.

Günümüzün sənətə olan yanaşmasını asanlıqla göstərən, müəllifin bu eyhamlarını yaxşıca rəngləyən, ona bir də bizim teatr səhnəmiz və onun mətbəxindən baxan M.Mikayılov rejissor azadəliyini də bəyan edir.

Tamaşada hərəkətlər, mizanlar bir daha müzakirə olunur. Quruluş müəllifi oyunda daha çox dinamika, enerji və dəyişmə tələb etdikcə vəziyyətdən-vəziyyətə düşən aktrisalar sanki hər dəyişmədən zövq alırmış kimi yeni elementləri də mənimsəyir və klounlarını sevdirməyə çalışırlar.

Gah ağlayan, gah gülən, gah da hoqqabazlıq edən kloun-aktrisalarla növbəti hissənin müzakirəsini edən rejissorun “Sabah bir də “proqon” edək, sonra baxarıq” qeydi ilə zalı tərk edir və rəngli klounları qaranlıq səhnə ilə təkbətək buraxırıq...

Həmidə NİZAMİQIZI