Fevralın 5-də böyük bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin (1918-1982) anadan olmasının 102-ci ildönümü tamam oldu. Bu münasibətlə I Fəxri xiyabanda dahi musiqiçinin məzarı ziyarət olundu, üzərinə tər çiçəklər düzüldü.

Anım mərasimində mədəniyyət və incəsənət xadimləri, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi iştirak edirdi.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə qeyd etdi ki, Qara Qarayev bütün yaradıcılığı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. O, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar, milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. Onun hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, sənət bayramına çevrilib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli bildirdi ki, musiqi sənətinin əksər janrlarına müraciət etmiş bəstəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya, Almaniya və digər ölkələrdə keçirilən musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib.

Daha sonra çıxış edən dahi bəstəkarın qızı, pianoçu Züleyxa Bağırova Qara Qarayevin xatirəsinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Qeyd edək ki, Qara Qarayevin mütəfəkkir şair Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri müəllifinə dünya şöhrəti qazandırıb. Bəstəkarın “Birinci simfoniya”sı Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot” simfonik qravürləri, “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, həmçinin Cövdət Hacıyevlə birlikdə “Vətən” operasının müəllifidir. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, romans və kantatalar yazan Qara Qarayev “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə, teatr tamaşalarına ölməz musiqilər bəstələyib.

Azərbaycan musiqi sənətində yeni bəstəkarlar nəslinin yetişməsinə də mühüm töhfələr verən sənətkar 13 may 1982-ci ildə vəfat edib.

NURƏDDİN