Xalça, tikmə, plakat sərgisi açılıb

Moskvadakı Rusiya Dövlət Şərq Muzeyində “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb.

Rusiya Dövlət Şərq Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycanın və Rusiyanın Mədəniyyət nazirlikləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə tərtib edilmiş sərgidə 40-dan çox eksponat nümayiş olunur.

Fevralın 4-də keçirilən açılış mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova deyib ki, Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin (2010) 10 illiyinə həsr edilmiş sərgidə ötən əsrin 20-70-ci illərində “Azərxalça” İstehsalat Birliyində hazırlanmış, maraqlı süjet kompozisiyalarından ibarət xalçalar təqdim olunur. “Azərbaycan xalçası xalqımızın tarixinin bütün dövrlərini əks etdirən rəmzdir. Sovet dönəmində bir çox milli sənətlər unudulsa da, Azərbaycanda xalçaçılıq sənəti inkişaf edir, milli xalçalarımız bütün dünyaya ixrac olunurdu. Məşhur rəssamlarımız Lətif Kərimov, Mikayıl Abdullayev, Qəzənfər Xalıqov, İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və başqalarının eskizləri əsasında hazırlanmış xalçalar indi də dünyanın məşhur muzeylərində saxlanılır. Bu ənənə hazırda uğurla davam etdirilir”, – deyə o bildirib.

Dövlət Şərq Muzeyinin direktoru Aleksandr Sedovun sözlərinə görə, ötən əsrdə Azərbaycanda yeni ideologiyanın ənənəvi sənət nümunələri vasitəsilə təbliği Moskva tamaşaçıları üçün də maraqlı olacaq: “Bizim muzeydə də XX əsr Azərbaycanına aid bir sıra eksponatlar var. Biz onları da sərgidə nümayiş etdiririk. Bu, tikmələr, çini qablar və sair nümunələrdir. Sərgini gələcəkdə Bakıda və daha sonra digər xarici ölkələrdə nümayiş etdirmək niyyətindəyik”.

Ölkəmizin Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova bildirib ki, bu maraqlı ekspozisiyanın nümayişi Azərbaycan mədəniyyətinin Rusiyada təbliği istiqamətində atılan daha bir uğurlu addımdır. Sərgidə 40-dan çox eksponat – xalçalar, plakatlar, əl işləri, kitab qrafikası, teatr afişaları və tikmələr nümayiş etdirilir. Martın 1-dək davam edəcək sərginin kataloqu da nəşr edilib.