Fevralın 11-də Beynəlxalq Muğam Mərkəzində bəstəkar-pianoçu mərhum Cahangir Qarayevin (1950-2013) 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Yubiley gecəsinin aparıcısı Tofiq Həsənsoy Cahangir Qarayevin həyat və fəaliyyətindən söz açdı, onun musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən danışdı.

Bildirildi ki, Azərbaycan fortepiano və bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi olan Cahangir Qarayev Bakıda tibb sahəsinin görkəmli xadimləri Mürsəl Qarayev ilə Böyükxanım Nəzirovanın ailəsində dünyaya göz açıb. Onun musiqiyə gəlişində əmisi – dünya şöhrətli bəstəkar Qara Qarayevin böyük rolu olub. Uşaqlıqdan musiqiyə dərin həvəsi ilə seçilən C.Qarayev Azərbaycan fortepiano məktəbinin banilərindən biri, Xalq artisti, professor Mayor Brennerin sinfində professional musiqi təhsili alıb. Təhsil illərində musiqinin müxtəlif janrlarında öz bacarığını nümayiş etdirib.

Qeyd olundu ki, C.Qarayev həm klassik, həm də caz musiqisinə böyük sevgi ilə yanaşırdı. Musiqi klassikasının ən kamil nümunələri əsasında təhsil alsa da, caz sənətini də ciddi surətdə öyrənməyə başlayır. Onun maraq və axtarışları özünün yaratdığı və rəhbərlik etdiyi “Cürbəcür” musiqi qrupunun fəaliyyətində gerçəkləşir. Repertuarında müasir Azərbaycan bəstəkarlarının caz əsərlərinin yer aldığı qrup musiqisevərlərin rəğbətini qazanmışdı.

Diqqətə çatdırıldı ki, ötən əsrin 70-80-ci illərində Bakıda həm caz və rok, həm də elektron musiqi sahəsində bir inqilab başlamışdı. Bu dövrdə paytaxtımızda ilk elektron musiqi konserti ilə çıxış edən C.Qarayev olmuşdu. O, həmin dövrdə çətin tapılan elektron musiqi alətlərini əldə etmək üçün hətta müxtəlif eksperimentlər də aparmışdı. 

Bədii və cizgi filmlərinə yazdığı musiqilərdə öz potensialını nümayiş etdirməyə nail olan C.Qarayev uzun müddət pedaqoji sahədə də fəaliyyət göstərmişdi. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dərs dediyi tələbələr hazırda İsveçdə və ABŞ-da onun yolunu davam etdirirlər.

Yubiley tədbiri konsert proqramı ilə davam etdi. Xalq artistləri Murad Hüseynov, Murad Adıgözəlzadə, Salman Qəmbərov, Əməkdar artist Şəhriyar İmanov, beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və Elbəy Məmmədzadənin ifasında klassik və caz musiqiləri səsləndirildi. K.Debüssinin “Ay işığı”, M.Ravelin “Sonatina”, C.Qarayevin “Sonata”, S.Raxmaninovun “Elegiya”, “Etüd”, T.Quliyevin “Qəmgin mahnı” əsərləri və “Cahangir Qarayevə ithaf” caz kompozisiyası ifa olundu.

Lalə AZƏRİ