“Rebus” teatrının hazırladığı “Hamlet-X” tamaşası fevralın 10-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş etdirilib.
Tamaşa Vilyam Şekspirin “Hamlet” əsəri əsasında hazırlanıb.
Rejissor Ceyhun Dadaşov nümayişdən öncə səhnə əsəri haqqında məlumat verib. Bildirib ki, “Hamlet-X” tamaşası plastika üzərində qurulub. Burada hadisələrin açılmasında simvollara böyük yer verilib. Tamaşanın janrını isə psixo-plastik qrotesk kimi müəyyənləşdirmək olar. Proseslər Hamletin qarabasması kimi də dəyərləndirilə bilər.
“Bütün baş verən hadisələr ola bilər ki, artıq baş verib, bəlkə də heç vaxt baş verməyəcək. Bəlkə də bütün hadisələr əslində tamam başqa şəkildə baş verib. Biz isə “Hamlet-X” tamaşasında bütün hadisələrə Hamletin gözü ilə baxırıq və hər şeyi onun baxış bucağından dəyərləndiririk”, - deyə rejissor əlavə edib.
Tamaşada Əli Əlizadə (Klavdi), Natavan Abbaslı (Gertruda), Ziya Ağa (Paloni), Rasimə Abbasova (Ofeliya), Elnur İsmayılov (Rozenqrans, Gildenstern, Ata), Ceyhun Dadaşov (Hamlet) çıxış ediblər.