Ustad xanəndə Ağaxan Abdullayevin 70 illiyində xatirəsi yad edildi
Ötən il görkəmli musiqi xadimlərimizin, xanəndələrimizin yubileyləri qeyd edildi və bu qəbildən hər tədbirdə nədənsə gözlərimin qarşısında o gəlib dayanırdı. Belə bir yubiley gecəsi Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuşdu. Yenə onun yeri görünürdü... Düz 30 il əvvəl H.Hüseynovun 70 illiyində ustadın yetirməsi, 40 yaşlı Ağaxan Abdullayevin oxusu, ifası sanki qulaqlarımda səslənirdi. İndi, 30 il sonra onun 70 illik yubileyi qeyd olunur, amma özünün yoxluğunda...
Onu qəlbində Azərbaycan muğamının od-alovunu daşıyan, sönməyə qoymayan, muğam sənətimizi milyonlara sevdirən xanəndə kimi təqdim edirlər. Mənim yaddaşımda isə elə adi və sadə Ağaxan Abdullayev (1950-2016) kimi qalıb.
Xanəndənin “Segah” üstündə bir ifasını yadıma salıram. Bəlkə də bu onu tanımaq deyil, mənim muğamı, musiqini dərketməmin başlanğıcı idi desəm, daha düzgün olardı. Ona qədər evimizdə həmişə muğam səslənmişdi. Muğam ifaçıları evimizin ən sevilən qonaqları, babamın yaxın dostları idilər. Nədənsə bu dostlar içində mənə muğamı sevdirən məhz Ağaxan müəllim olmuşdu. İlk dəfə onu 9-10 yaşlarım olanda görmüşdüm. Bir də... Bakı toyları başqa aləm idi o zamanlar. Bu başqa aləmi yaradan təkcə mühit deyildi, mənəviyyatca zəngin insanlar, dəyərli sənətkarlar idi. İlk dəfə bir toya Ağaxan Abdullayevin ifası ilə yanaşı, məharətlə və böyük şövqlə dəfdə çalğısına heyrətlə tamaşa etmişdim...
Çox sadə, hədsiz təvazökar insan idi. Dəfələrlə sənət dostları ilə bağlı xatirələrini bölüşmək üçün müraciət etmişdim. Hər kəsin hörmətini saxlayar və hər kəsin xatirəsini əziz tutardı. “Muğam mənim üçün havadır, nəfəs qədər əzizdir” deyirdi. Xəstə vaxtlarında belə əzizlərinin, özünə yaxın bildiyi insanların xeyir işində, çox qısa ifa edər və bununla da oxumaq yanğısını, qismən də olsa, söndürmüş olardı. Amma bu ifalar zamanı insanlar onu nə qədər gur, sürəkli alqışlasalar da, ürəklərdə bir nisgil olardı - bu cür səs sahibinin bizdən əbədilik ayrılmaq nisgili... Ancaq heç kim bu ağrını büruzə verməzdi. Sevincli gözlərin dərinliyində, əslində, bir kədər gizlənərdi.
Tələbələrini çox sevərdi, eyni zamanda nəsihətlərini, tövsiyələrini gənclərdən əsirgəməzdi. Konsertlərdə və el şənliklərində tələbələrinə öz bacarıqlarını nümayiş etdirməyə şərait yaradardı. Harada Ağaxan müəllim var idisə, orada xoş əhval hökm sürərdi. Hər zaman ciddi, ağayana görünən bu insanın özünəməxsus yumor hissi də vardı. Məlahətli səsi, səhnəyə uyğun yaraşığı ilə klassik muğamımızı təhrif etmədən, məharətlə bizə çatdırırdı.
Xanəndənin ifasını təkcə soydaşlarımız sevib bəyənmirdi. Onun ecazkar səsi başqa xalqların da nümayəndələrini öz sehrinə salırdı. Dünya şöhrətli violonçel ifaçısı Mstislav Rostropoviç 2000-ci ildə Bakıya səfəri zamanı Ağaxan Abdullayevin ifasını ayaq üstə dinləmiş, xanəndəni qucaqlayıb ifasını yüksək qiymətləndirmişdi...
Milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan, ifası ilə musiqi salnaməmizi zənginləşdirən Ağaxan Abdullayev 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil almışdı. 1977-ci ildən təhsil aldığı məktəbdə muğam müəllimi kimi çalışıb, yeni xanəndələr nəslinin yetişməsinə töhfələr verib. Muğam sənətinin yaşadılması və gənc nəsillərə çatdırılması sahəsində xidmətləri yüksək qiymətləndirilən xanəndə 1992-ci ildə “Əməkdar artist”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Azərbaycan milli musiqisinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə də təltif edilmişdi. Prezident təqaüdçüsü idi. 2010-cu ilin fevralında Heydər Əliyev Fondu A.Abdullayevin 60 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr edib. Alboma Azərbaycan və ingilis dillərində kitab və üç CD daxildir. Onun ifasında lentə yazılan “Segah”, “Rast”, “Şur”, “Segah-Zabul” muğam-dəsgahları Azərbaycan Dövlət Televiziyasının “qızıl fond”unda saxlanılır.
***
Bu il mərhum sənətkarın 70 illiyi silsilə tədbirlərlə qeyd edilir. İlk tədbirlərdən biri onun doğulduğu gündə – fevralın 6-da Beynəlxalq Muğam Mərkəzində keçirildi. Xatirəsini əziz tutan sənət dostları onu yad etmək üçün bir araya gəldi. Yubiley gecəsi Ağaxan Abdullayevin Azərbaycan Televiziyasının fondunda qorunan “Segah” muğamının videonümayişi ilə başladı.
Xalq artisti Mənsum İbrahimov çıxış edərək mərhum xanəndənin milli ifaçılıq sənətinə töhfələrindən danışdı. Bildirdi ki, muğam sənətimizin inkişafında, neçə-neçə tanınan muğam ifaçılarının yetişməsində Ağaxan Abdullayevin mühüm xidmətləri var. O, muğamlarımızı həm ölkəmizdə, həm də xaricdə layiqincə təbliğ edib. Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən genişmiqyaslı layihələrdə yaxından iştirak edən sənətkarın fəaliyyəti dövlət və xalq tərəfindən yüksək qiymətləndirilib.
Xalq artistləri Alim Qasımov, Vamiq Məmmədəliyev, Əməkdar artist Ağalar Bayramov, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd çıxış edərək Ağaxan Abdullayevin sənəti haqqında söz açdılar, onunla bağlı xatirələrini bölüşdülər.
Tədbirin bədii hissəsində xalq artistləri Alim Qasımov, Zabit Nəbizadə, Teyyub Aslanov, Mələkxanım Əyyubova, Simarə İmanova, əməkdar artistlər Səbuhi İbayev, Bəyimxanım Vəliyeva, Elnarə Abdullayeva və Məmməd Nəcəfovun ifasında konsert proqramı təqdim olundu.
Sonda sənətkarın oğlu Xoşbəxt Abdullayev ailəsi adından tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə, Beynəlxalq Muğam Mərkəzinə, “Mədəniyyət” kanalına və gecənin iştirakçılarına təşəkkürünü bildirdi.
L.AZƏRİ