Onun bəstəkar və ifaçı kimi xüsusiyyətləri ilə yanaşı, pedaqoq olaraq da qeyri-adi yanaşmaları var idi

Fevralın 10-da Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində Azərbaycan fortepiano və bəstəkarlıq məktəbinin parlaq nümayəndələrindən Cahangir Qarayevin (1950-2013) 70 illiyinə həsr olunmuş tədbir keçirildi.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək sənətkarın Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən söz açdı. Bildirdi ki, bu evdə Qarayevlərin dörd nəsli yaşayıb. Cahangir Qarayev də bu evdə yazıb-yaradıb.

Musiqişünas Raya Abbasova Cahangir Qarayevin həyat və yaradıcılığından söz açdı. Diqqətə çatdırdı ki, C.Qarayev görkəmli səhiyyə xadimi Mürsəl Qarayevlə Böyükxanım Nəzirovanın ailəsində dünyaya göz açıb. Uşaqlıq çağlarından musiqi sənətinə sevgi bəsləyən insanların əhatəsində, əmisi – dahi bəstəkar Qara Qarayevin sənət mühitində böyümüşdü. Bu isə onun həyat yolunu həll edən vacib amil olmuşdu. O, Xalq artisti, professor Mayor Rafailoviç Brennerin sinfində professional musiqi təhsili alıb.

Raya Abbasova tələbəlik illərində bir pedaqoq kimi tanımağa başladığı C.Qarayevlə bağlı düşüncələrini bölüşdü. Dedi ki, o, konservatoriyada dərs deyərkən sənətə özünəməxsus münasibəti ilə seçilirdi: “Onun bəstəkar və ifaçı kimi xüsusiyyətlərilə yanaşı, pedaqoq olaraq da qeyri-adi yanaşmaları var idi. O, novator bəstəkar və pedaqoq idi. Əsərləri minimalizm xüsusiyyətləri ilə seçilirdi. Həmin dövrdə Qara Qarayevin sinfində tam təhsil keçmiş əmisi oğlu Fərəc Qarayevin təsiri altında Cahangir ənənəvi konservatoriya proqramı ilə yanaşı, yeni Vyana bəstəkarlıq məktəbinin baniləri Arnold Şönberq, Anton Vebern və Alban Berqin musiqisini də öyrənirdi”.

Qeyd edildi ki, öz təhsilini musiqi klassikasının ən kamil nümunələri əsasında alan C.Qarayev caz sənətini də ciddi surətdə öyrənməyə başlayır. Onun maraq və axtarışları özünün yaratdığı və rəhbərlik etdiyi “Cürbəcür” qrupunun fəaliyyətində gerçəkləşir. Böyük rəğbət qazanmış həmin heyətin repertuarına müasir Azərbaycan bəstəkarlarının caz əsərləri daxil idi. C.Qarayevin yaradıcılığında 1976-cı ildə bəstələdiyi “Fortepiano sonatası” xüsusi yer tutur. Burada sonata forması bədii təfəkkürün dərin milli zəmininə əsaslanır.

Qara Qarayevin ev-muzeyinin direktoru Züleyxa Qarayeva-Bağırova ailəsi adından tədbirə gələn hər kəsə təşəkkürünü bildirdi. Xatirələrini bölüşərək C.Qarayevin onlara böyük qardaş olmaqla bərabər, həm də ən yaxın bir dost olduğunu vurğuladı: “O, hər zaman bizimlə vaxt keçirməyə çalışardı. Onun parlaq düşüncələrində bir-birindən maraqlı ideya və arzular, bu arzulardan qanadlanan musiqilər var idi. Bir daha onun işıqlı xatirəsini yad etdiyiniz üçün minnətdaram”.

Cahangir Qarayevin tələbəsi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Arzu Rzayeva müəllimi ilə bağlı xatirələrini bölüşdü: “Onunla ünsiyyət olduqca maraqlı idi. Bizi musiqiyə cəlb edir və əsl musiqiçi kimi mənəvi dəyərlərlə yaşayırdı. Tələbələrinə qarşı qayğıkeş və diqqətli idi. Tələbələri ilə yaş fərqi az olduğundan bizimlə dost münasibəti saxlayar, problemlərimizlə maraqlanardı. O, musiqi əsərinin mətninə həssas yanaşar, istənilən əsəri möhtəşəm təqdimetmə bacarığı ilə seçilirdi. Zərif və incə musiqi zövqü var idi. Dərslərimiz bayram əhvalında keçərdi. Cahangir müəllimin parlaq, gülərüz obrazı tələbələrinin yaddaşına əbədi həkk olunub”.

P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Fərəc Qarayev də Cahangir Qarayevlə bağlı xatirələrini dilə gətirdi: “O, hərtərəfli istedad sahibi idi. Bakıda ilk elektron musiqi konserti vermiş və bu təşəbbüs hadisəyə çevrilmişdi. Cahangir akademik musiqidə də özünəməxsusluğu ilə seçilirdi. İlk əsərim də Cahangir tərəfindən böyük bacarıqla ifa edilmişdi. Sonradan onunla birlikdə işlədik. Onun qəlbində həmişə sevgi dolu caz notları da yer alırdı”. 

Daha sonra tədbir bədii hissə ilə davam etdi. BMA-nın professoru, Xalq artisti Ülviyyə Hacıbəyova Cahangir Qarayevin “Pyeslər”, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli “Kamerton”, Səidə Tağızadə Qara Qarayevin “İnsan məskən salır” filminə yazdığı musiqidən parça və Xalq artisti Salman Qəmbərli C.Qarayevin “Caz improvizasiyası” əsərini təqdim etdilər. Bütün ifalar alqışlarla qarşılandı.

LALƏ