Zərif duyğularının poetik şəkildə təsirli ifadəsinə, həyatın adilikləri içərisində heyrətedici məqamları görə bilməsinə və bunun da nəticəsində qələmə aldığı şeirlərində insanın ruhunu dilə gətirən, ona romantik duyğular aşılayan, düşündürən Nigar Rəfibəyli Azərbaycan poeziyasında öz dəst-xəttinə malik unudulmaz söz sahiblərindən biridir.

    Azərbaycan ədəbiyyatında qadın şairlərimizin möhtəşəm bir sırası var: Nigar Rəfibəyli, Mədinə Gülgün, Hökumə Billuri, Mirvarid Dilbazi... Doğrudur, poeziyada müəllifin kişi-qadın bölgüsünə ayrılması düzgün səslənmir, amma məhz Nigar xanımın şeirlərini oxuyanda qeyri-ixtiyari onun müəllifinin məhz xanım olduğu açıq-aşkar duyulur. Çünki bu şeirlərin ahəngində elə bir zəriflik, həssaslıq, həzinlik var ki, istər-istəməz bu ipək ovqatlı misraların ürək döyüntüsündə məhz qadın məhəbbətinin, həsrətinin göynərtiləri hiss edilir.    
   Çoxşaxəli yaradıcılığı ilə ədəbiyyat tariximizə silinməz izlər salan Nigar Rəfibəyli oxunan və həm də çox sevilən şairlərdən olub. Könlü gözəllik vurğunu olan, dillər əzbəri nəğmələri ilə daim xatırlanan Nigar Rəfibəylinin yaradıcılığı başdan-ayağa duyğulardan ibarətdir. Gülün ləçəklərinə, bağların qış kimsəsizliyinə necə qəribə şeirlər qoşub?! Bəzən bu şeirlərdə həyatın və ovqatın poetik mənzərəsi adamı heyrətə gətirir. Misraların pəjmürdəliyindən süzülən kövrəklik sanki iliyə qədər işləyir. Şairin poetik sualları adamın içindən keçir, cavabını isə tapa bilmirsən:
   
   Yenə olan oldu, keçən də keçdi,
   Eşqin çeşməsindən könül su içdi.
   Yüz dostun içindən bir səni seçdi,
   Əziz, mehribanım, neyçün gəlmədin?

   
   Nigar xanımın yaradıcılığı bir neçə cəhətdən maraqlıdır. Hər şeydən əvvəl isə o, gözəl nəğmələrin, heç zaman unudulmayan, həmişə təzə-tər səslənən mahnıların müəllifidir. Azərbaycanın çox görkəmli bəstəkarları şairin şeirlərinə müraciət ediblər: Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Emin Sabitoğlu, Polad Bülbüloğlu, Vasif Adıgözəlov, Telman Hacıyev, Sevda İbrahimova və başqaları. Gözəl səsləri ilə dinləyici qəlbini fəth edən müğənnilərimiz böyük şövq və məhəbbətlə Nigar xanımın sözlərinə bəstələnmiş mahnıları məharətlə oxuyublar. Unudulmaz Bülbüldən, Rəşid Behbudovdan başlamış Zeynəb Xanlarovayadək olan məşhur müğənnilərin əksəriyyəti Nigar xanımın şeirlərinə ikinci ömür veriblər. Xüsusilə də Xalq artisti Zeynəb Xanlarovanın ifasında səslənən "Dağları duman alanda" nəğməsindəki xiffət insan xəyalını haralara qədər çəkmir? Ürəyində mürgüləmiş duyğuların həzin titrəyişi başlayır:
   
   Dağları duman alanda,
   Gözüm yollarda qalanda,
   Yadıma səni salanda,
   Gül yanağım solmasınmı?

   
   Bugünkü bayağı mahnıların meydan suladığı bir vaxtda üç böyük sənətkarın ruhundan doğan bu nəğmə insanda "nostalji" duyğular oyadır. İstər-istəməz biz bu etirafa məcburuq ki, mahnı yaradıcılığında hər üç müəllifin peşəkarlığı və istedadı möhtəşəm bir sənət nümunəsi yaradıb. Nigar Rəfibəylinin bənzərsiz, yüksək melodik ahəngə və dəyərli sözə malik olan nəğmələri çoxdur. Söz, musiqi, səs - üçünün tamamilə yerində olması bu nəğmələrin əbədiyaşarlığına imza atıb. Belə ömrü bahar olan nəğmələrdən biri də yenə Emin Sabitoğlunun bəstəsində musiqi qanadı geyinərək dillər əzbərinə çevrilən "Neyləyim" şeiridir:
   
   Çiçəklərin çəkir gözü intizar,
   Ayrılıqdan betər dünyada nə var?
   Yaz axşamı səni bil ki, bu Nigar,
   Həzin-həzin yada salır, neyləyim?

   
   Nigar xanımın həyat yoldaşı, görkəmli şairimiz Rəsul Rzaya ünvanladığı bu qəlb titrədən könül şərqisində böyük bir eşqin ayrılıqdan doğmuş iztirabları duyulur. Həsrətin həzin, qəlb parçalayan harayını bu ahəngdə dilə gətirə bilmək həqiqətən müəllifdən dərin sevgi ilə bərabər, yüksək düşüncə, ürək və istedad tələb edir.
   Nigar xanım haqqında yazanlar haqlı olaraq qeyd ediblər ki, bu şair dünyanın dərdini içinə əridərək öz əzabına çevirən bir söz sahibi olub. Bəlkə də bu, ilk növbədə müəllifin ana olması ilə bağlıdır. Razılaşaq ki, ana daha çox dərd çəkən, onu dəf etməyə çalışan, ən ağır, ən sarsıdıcı əzabın önündə əzəmətini, vüqarını saxlamağı bacaran qeyri-adi varlıqdır. Analıq hisslərini keçirməyən, onun şirinliyini, acısını dadmayanlar heç zaman özgənin dərdini duymaz, qəmini hiss etməzlər. Bu mənada, Nigar Rəfibəylinin poeziyasında həmişə ana şərqisi duyulur:
   
   Nə çoxdur dünyanın
   dərdi, kədəri.
   Nə ağırdır insanların
   bitib tükənməyən qəmləri.
   Hələ atom qorxusu
   yaşayırkən cahanda,
   Mən necə rahat yata bilərəm
   balalarımla
   Bu güllü, bu sarmaşıqlı eyvanda.

   
   Nədən yazmağından asılı olmayaraq, Nigar Rəfibəylinin poeziyasında daim müraciət olunan bir mövzu həmişə diqqət çəkib. Bu, ana məhəbbəti, qadın sədaqəti, övlad sevgisidir. Tədqiqatçılar Nigar xanımın həmişə şairliyi ilə şəxsiyyətinin qoşa dayandığını böyük qürurla bildiriblər. Bu, hər kəsə də nəsib olan səadət deyildir. Özü ilə sözü arasında uçurumlar olan sənət adamları az görməmişik. Bütün bunlardan fərqli olaraq, Nigar Rəfibəyli şeirlərinin birində yazırdı:
   
   Mən könül mülkünün tacidarıyam,
   Xəyal dünyasının şah nigarıyam.
   Vətən torpağında iftixar olan
   Şanlı nəsillərin yadigarıyam.

   
   Bəllidir ki, Nigar Rəfibəyli Gəncədə Xudadat bəyin ailəsində dünyaya göz açıb. Repressiya illərində bəy qızı olması ilə bağlı min cür əzab və əziyyətlə üzləşib. Onun qohum-qardaşlarını "xalq düşməni" adı ilə qətlə yetirdilər. O şanlı nəsildən həqiqətən də yadigar qalan Nigar Rəfibəyli bu ədalətsiz münasibətin acığına bütün ömrü boyu ləyaqətlə yaşadı. Quruluşun, zamanın, ayrı-ayrı nadanların haqsızlıqlarını torpağın, millətin ayağına yazmayaraq vaxtdan ucada dayandı. Əksinə, çəkdiyi əzabların önündə öz məğrurluğunu saxlayaraq varlığı ilə bağlı olduğu torpağa, Vətənə övlad borcunu yerinə yetirə bildi. Nigar Rəfibəyli mənsub olduğu nəslin və xalqın ən dəyərli, unudulmaz sənətkarlarından birinə çevrildi. Bəlkə də buna görə o, şeirlərinin birini belə adlandırmışdı: "Səni sevirəm, ey insan".
   Qəlbi həyata, insanlara sevgi ilə dolu olan Nigar Rəfibəyli həmişə saf duyğuların, böyük arzuların yiyəsi olub. Həyatda və sənətdə necə umacaqsız olduğunu dəfələrlə təsdiqləyib. Onun ayrı-ayrı şeirləri sanki böyük bir insanın rəsminin cizgiləridir. Bu cizgilər - bu misralar bir-birinə qovuşaraq gözümüzün önündə ustad bir sənətkarın portretini yaradır. Şeirlərinin ovqatından həmişə bu təzadlı dünyanın sübh şəfəqləri süzülən, əbədi bahar kimi torpağımıza "gözlərin aydın" söyləyən Xalq şairi Nigar Rəfibəylinin xəyalımızdan heç vaxt çəkilməyən xatirəsi qarşısında ehtiramla baş əyirik:
   
   Qaldırsın analar səsini gərək,
   Körpə dodaqlarda nəğmə susmasın.
   Çəkilsin dünyanın üfüqlərindən,
   Soyuq buz nəfəsi kədərin, yasın.

   
   Hələ sovet dövründə yazılmış bu şeirdə bugünün istəkləri ifadə olunur. Bu, təkcə bir ailənin, bir ananın, bir Vətənin deyil, bütün dünyanın arzusudur. Belə bəşəri şeirləri yazdığına görə həmişə gələcəyə doğru yol gedir Nigar Rəfibəyli.
   
   Flora Xəlilzadə