“Milli dəyərlərə bağlılıq, milli irsə sahib çıxmaq o qədər vacib nüansdır ki, hər birimiz bu missiyanın öhdəsindən layiqincə gəlməliyik. Adət-ənənələrin yaşadılması çox zəruridir”.

Bu fikirlər fevralın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində təşkil edilən “Deyirlər ki, toy olacaq” adlı mühazirədə səsləndirildi. Mühazirəni Əməkdar mədəniyyət işçisi, etnoqraf alim Solmaz Məhərrəmova aparırdı.

Mütəxəssis xalqların adət-ənənələrinin onun özünəməxsusluğunun əsas göstəricisi olduğunu dedi. Bildirdi ki, Azərbaycan mədəniyyəti və incəsənəti tarixin bütün dövrlərində milli adət və ənənələrlə bağlı olub, xalq yaradıcılığından qidalanıb.

Milli adət və ənənələrimiz şifahi ensiklopedik toplu kimi mədəni irsimizin, bədii-estetik fikir tariximizin incilərini özündə qoruyub saxlayıb. Bu baxımdan adət-ənənələrin bədii-emosional hissin formalaşmasında və inkişafında əvəzsiz rolu var.

Solmaz Məhərrəmova qeyd etdi ki, toy adətləri əsrlər boyu Azərbaycanın müxtəlif bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilib. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı, bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində Azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapıb: “Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir edib, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürüb. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının keçirilməsi də bu qəbildəndir”.

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu Tünzalə Məmmədzadə bildirdi ki, bir xalqın tarixi kökünü, milli mənəviyyatını öyrənmək istəyiriksə, mütləq həmin xalqın adət-ənənələrinə nəzər salmalıyıq. Çünki milli adət-ənənələr hər bir xalqın mənəvi zənginliyindən, irsindən, inkişafından və dəyərlərindən xəbər verir: “Milli dəyərlərə bağlılıq, milli irsə sahib çıxmaq o qədər vacib nüansdır ki, hər birimiz bu missiyanın öhdəsindən layiqincə gəlməliyik. Adət-ənənələrin yaşadılması çox vacibdir. Onu yaşatmalı olan isə biz vətəndaşlarıq”.

Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.

Nurəddin MƏMMƏDLİ