Fevralın 10-da türk dünyası opera ulduzları Serbiyanın paytaxtı Belqradda konsert proqramı ilə çıxış ediblər. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY və Yunus Əmrə İnstitutunun əməkdaşlığı ilə böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin anadan olmasının 175-ci illiyinə hərs olunmuş tədbirlər çərçivəsində gerçəkləşən konsertdə türk dünyasının musiqiləri səslənib.

Belqraddakı “İlija Kolarac” salonunda təşkil edilən tədbirdə Türkiyənin Serbiyadakı səfiri Tanju Bilgiç, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Yunus Əmrə İnstitutunun Belqraddakı mərkəzinin rəhbəri Fəxri Akdoğan iştirak edib.

Konsertdə Azərbaycanı soprano Fəridə Məmmədova, Türkmənistanı Rustam Rahmedov, Qazaxıstanı soprano Zhupar Qabdullina, bariton Talqat Kuzenbayev təmsil ediblər. Konsertdə həmçinin qazax dombra sənətçisi Zhanarqul Sarkenova və Türkiyədən qanun ifaçısı Əhməd Baran çıxış edib.

Qeyd edək ki, bundan öncə TÜRKSOY-un “Abay Kunanbayev ili” çərçivəsində daha bir konsert Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilmişdi.

Mehparə SULTANOVA
Ankara