Şeir məclisi, şair sözü oxucu üçün hər zaman maraqlı, hər zaman yeni, hər zaman arzuolunandır. Ələlxüsus da şairin yaşayıb yazdıqlarında öz yaşadıqlarını tapanlar üçün. Məncə, bu mənada o, hamımızın şairidir. Yaşadıqlarında itib-batmadığına, şeirlərində bənd-bənd qocalıb təpərdən düşmədiyinə görə.

Nədənsə hamı hər hissində onun – Xalq şairi Ramiz Rövşənin şeirlərindən yapışır və kimsə paysız dönmür. O, bizə “yaz gecəsində ölməyə nə var…” da deyir, “yağış yuyub, gün qurudar” deyə ölümü də vecə almamağa səsləyir. Sonra yenidən, dipdiri şeirləri kimi sanki yenidən doğulur və “Bilsək, dünyaya gəlməzdik, Analar aldatdı bizi...” deyə-deyə yapışırıq dünyanın ətəyindən…

Onunla hər görüşü maraqla izləyən, hər toplantısına axın edən oxucuları “Şərifzadə Art” sənət mərkəzində də sevimli söz ustadlarının görüşünə yığışmışdılar. Beləcə, soyuq fevral gecəsində şeirlə, musiqi ilə xumarlanıb, üşüyən əllərini hərarətini heç vaxt itirməyən şairin sözləri ilə isitdilər.

Yarandığı qısa zamanda müxtəlif layihələri, maraqlı tədbirləri ilə sənətsevərlərin yeni ünvanına çevrilən “Şərifzadə Art”ın fevralın 12-də təşkil etdiyi poeziya axşamı, şeir görüşü də yaddaqalan oldu. Tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, eləcə də Ramiz Rövşən poeziyasında özünü itirib-tapan oxucuları burada idilər.

Oxucuları ilə görüşdə istər yaradıcılığından məqamları, istər həyatından xoş xatirələri yenidən dilə gətirən şair şeiri hiss etmək və özünü misraların azadlığında tapmağın incəliklərindən bəhs etdi. Deyir, şairə şeirin necə ərsəyə gəlməsini və ya niyə bu formada yazılmağını sual etmək təbiətə qarşı getmək kimi mənasız bir işdir. Necə və ya hansı üslubda formalaşmasından asılı olmayaraq, şeir yaşayan hissin yaşatdığı adamına çatdısa, yaşayacaq və yaşadacaq. Yəni yaxşı şeir oxucusunu tapır, oxucu da şairini.

Çoxsaylı oxucu sualları, şeir arzuları da ünvanlandı şairə və beləcə, misralarda xatirələrinə qovuşan adamlar sanki ruhi səadətlərinə çatdılar. Elə şair də. Mərhələlərlə yaradıcılığı, onun təzahür formaları və təsir dairəsindən də söz açan Ramiz Rövşən oxuculara sevimli şairləri, şeir nümunələri, təsirləndiyi ədəbi cərəyanlar barəsində danışdı.

Gənclərə ümidli yaşlı nəsil nümayəndəsi kimi onlardan gözləntilərini də dilə gətirdi, xeyli sayda istedadlı gənc şairin yetişdiyini, onlara meydan verilməli olduğunu dedi. Öz nəsil nümayəndələrinin bir çoxundan fərqli olaraq gənc qələm əhlini tənqiddən çox təbliğ etməyin, dəstəkləməyin, stimul verməyin vacib olduğunu bildirdi.

Arabir uşaqlığına, heç zaman öləziməyən xatirələrinə də boylandı və elə şeir axşamını da uşaqlar üçün yazdığı poeziya nümunələri ilə bitirdi. Oxuculara nəşrə hazırladığı iki yeni kitabının da sorağını verən şair bu nümunələrdə indiyədək çap olunmayan köhnə və son illərin şeirlərinin toplandığını bildirdi.

Görüşdə sənət mərkəzinin yetirmələrinin ifalarında şairin şeirlərindən parçalar səsləndi.

HƏMİDƏ