Əsas mükafata beş film iddia edir
Yanvarın 10-da Los-Ancelesdə dünya kinematoqrafiyasında ən nüfuzlu təltiflərdən olan “Qızıl qlobus” mükafatının təqdimatı keçiriləcək. Mükafat bu il 73-cü dəfə sahiblərinə təqdim ediləcək.
Səsvermədə işin peşəkarları deyil, Hollivudda qeydiyyatdan keçmiş xarici KİV nümayəndələri iştirak edir, nominasiyalar isə adətən “Oskar”da olduğundan daha çoxdur. Dram janrında çəkilmiş ən yaxşı tammetrajlı film nominasiyasında 5 film mükafat üçün yarışacaq. Siyahıda “Kerol”, “Dəlisov Maks: Qəzəb yolu”, “Sağ qalmış”, “Otaq” və “Diqqət mərkəzində” filmləri yer alıb.
“Kerol” bir-birini sevən iki qadının dramını tamaşaçıya çatdırır. Todd Heynsin rejissoru olduğu film 5 kateqoriyada qeyd olunub. Kann festivalında da uğur qazanan filmin baş rol ifaçısı Runi Mara isə ən yaxşı qadın rolu ifaçısı kimi fərqləndirilib.
Ötən il “Birdman” filmi ilə “Oskar” qazanan Alexandro Qonsales İnyaritu bu il daha bir uğurlu layihəyə imza atıb. Rejissorun baş rolda Leonardo Di Kaprionun çəkildiyi “Sağ qalmış” filminin bir neçə kateqoriyada uğur qazanacağı gözlənilir.
Hollivud mükafatlarını təxmin etməklə məşhurlaşan Tim Qrey “Diqqət mərkəzində” filmini xüsusilə qeyd edib. Onun dediyinə görə, bu film bir neçə kateqoriyada “Oskar” qazanmağa ən real namizəddir, çünki peşəkarlıq baxımdan çox yaxşı iş görülüb, əla ssenarisi var və ən əsası, film hələ də gündəmdə olan jurnalist araşdırmasından bəhs edir.
“Qızıl qlobus” uğrunda yarışacaq filmlərdən biri də “Otaq”dır. Rejissoru Lenni Abrahamson olan Kanada-İrlandiya müştərək filmi bu ilin sürpriz namizədlərindən sayılır. Film ana və 5 yaşlı oğlunun illər boyu bir otaqda əsir tutulması hekayəsindən danışır.
Daha bir gözlənilməz iddiaçı isə Corc Millerin çəkdiyi “Dəlisov Maks: Qəzəb yolu” filmidir. Bu filmin baş rollarında Tom Xardi və Şarliz Teron çəkiliblər. Film məşhur “Dəlisov Maks” kinoepopeyasının 5-ci hissəsidir.