Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük dramaturq Cəfər Cabbarlının “Almaz” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa fevralın 21-də növbəti dəfə sənətsevərlərə təqdim ediləcək.
İkihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nizami Cəfərovdur.
Tamaşaya Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətovun bədii rəhbərliyi ilə rejissorlar Anar Sadıqov və Əlif Cahangirli quruluş veriblər. Bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Almaz rolunu Əməkdar artist Məsmə Aslanqızı canlandırır.
Digər rolları xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Əli Nur, Kazım Abdullayev, əməkdar artistlər Sabir Məmmədov, Aslan Şirin, Əjdər Həmidov, Ayşad Məmmədov, Elşən Cəbrayılov, aktyorlar Rada Nəsibova, Mətləb Abdullayev, Vüsal Məmmədov və Ənvər Məmmədli çıxış edəcək.
Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib.