Xəbər verdiyimiz kimi, fevralın 4-də Moskvadakı Rusiya Dövlət Şərq Muzeyində “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb.
Rusiya Dövlət Şərq Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycanın və Rusiyanın Mədəniyyət nazirlikləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə tərtib edilmiş sərgidə 40-dan çox eksponat nümayiş olunur. Sərginin kuratorları Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Rusiya Dövlət Şərq Muzeyinin əməkdaşları Mariya Filatova və Vera Myasinadır.
Qeyd edək ki, bu, iki muzeyin ikinci birgə sərgisidir. Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın sözlərinə görə, ötən il təşkil edilən “Məkanın harmoniyası” sərgisi əsrlər boyu formalaşmış milli incəsənət estetikasının ənənələrini (interyer, geyim və s.) nümayiş etdirirdi. Bu sərgi isə bu ənənələrin sovetlər dövründə necə dəyişməsini əks etdirir. Xalça xalqımızın tarixinin bütün dövrlərini əks etdirən rəmzdir. Sovet dövründə bir çox milli sənətlər unudulsa da, Azərbaycanda xalçaçılıq sənəti inkişaf edir, milli xalçalarımız bütün dünyaya ixrac olunurdu. Məşhur rəssamlarımız Lətif Kərimov, Mikayıl Abdullayev, Qəzənfər Xalıqov, İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və başqalarının eskizləri əsasında hazırlanmış xalçalar indi də dünyanın məşhur muzeylərində saxlanılır.
Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin (2010) 10 illiyinə həsr edilmiş sərgidə ötən əsrin 20-70-ci illərinə aid nümunələr – xalçalar, plakatlar, əl işləri, kitab qrafikası, teatr afişaları və tikmələr nümayiş etdirilir.
Ekspozisiyada Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından 1920-1970-ci illərdə toxunan xalçalar, Rusiya Dövlət Şərq Muzeyinin kolleksiyasından 1920-1930-cu illərə aid xalça, inqilab mövzusunda tikmələr və eskizlər, “Mərcani” Fondunun (Moskva) kolleksiyasından plakatlar yer alıb. Bu əsərlər öz dövründə siyasi təbliğatın təsirli aləti olub, indi isə tarixi sənət nümunələri kimi maraq kəsb edir.
Sərgi martın 1-dək davam edəcək.