Mixail Parxomovski: “Mən Qara Qarayevin musiqisi ilə tərbiyə olunmuşam”
Keçmiş bakılı, hazırda İsraildə yaşayan tanınmış skripka ifaçısı, Rusiyanın Əməkdar artisti Mixail Parxomovski fevralın 11-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qonağı olub.
Görüşdə Mixail Parxomovskinin skripka ifaçılığı sənətinə verdiyi töhfələrdən söhbət açılıb. Qonaq doğulduğu şəhərə də töhfə ilə gəlib. O, uzun illərdir topladığı skripka ansambllarının not kitabxanasını muzeyə hədiyyə edib. Buraya Azərbaycan bəstəkarlarının əsərlərinin partituraları da daxildir.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bildirib ki, Mixail Parxomovski Bakı Musiqi Akademiyasının skripka bölməsində oxuyub. Sonra təhsilini Rusiyada davam etdirib. “Sibir skripkaçıları” ansamblının yaradıcısı və bədii rəhbəri (1978-1990) olub. O, müxtəlif ölkələrdə çıxışları zamanı dahi Azərbaycan bəstəkarı Qara Qarayevin musiqisini də təbliğ edib. Mixail Parxomovski İsrailə köçəndən sonra da skripkaçılar ansamblına rəhbərlik edib, başqa alətlərin musiqi notlarını skripkaya uyğunlaşdırıb.
Görüşdə çıxış edən Mixail Parxomovski Qara Qarayevlə tanışlığından danışıb, onun dünyada bənzəri olmayan bəstəkar olduğunu deyib: “Mən Qara Qarayevin musiqisi ilə tərbiyə olunmuşam. Əldə etdiyim nailiyyətlərə görə ona borcluyam”.
Musiqiçi bildirib ki, skripka partituraları adətən müəlliflər tərəfindən notlara alınmır, buna görə də skripka üçün partituralar azlıq təşkil edir. Qeyd edib ki, bu mənada o, skripka musiqisinə töhfələr verib.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Qonaq skripka ansambllarının not partituraları ilə yanaşı, özünün arxivindən şəkillər, jurnal və qəzetlərdə haqqında dərc olunmuş məqalələri də muzeyə təqdim edib.